“İlində bir gül dəstəsi də məzara qoyan olmadı, icra başçısı 5-10 dəqiqə gəlib oturub çıxıb getdi”

28-10-2021, 07:20           
“İlində bir gül dəstəsi də məzara qoyan olmadı, icra başçısı 5-10 dəqiqə gəlib oturub çıxıb getdi”
“Oğlum sentyabrın 29-da səfərbərliklə döyüşlərə qatılmışdı. Fizuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib, Hadrut-Tuğ istiqamətində oktyabrın 10-da şəhidlik zirvəsinə yüksəlib. Dövlət başçısının sərəncamı ilə “Fizulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib. Buna baxmayaraq bu günə qədər bütün qurumlardan diqqətsiz, biganə münasibət görürük. Nə hərbi hissədən, nə Müdafiə Nazirliyindən, nə Binəqədi rayon İcra Hakimiyyətindən, nə Binəqədi Səfərbərlik və Hərbi xidmətə çağırış xidmətindən heç kimin yadına belə düşmürük. Oğlum 2014-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü idi, həmçinin də peşəkar cüdoçu olub”

Teref.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında şəhid Rafiq Heydərovun atası Rahim Heydərov deyib. O daha sonra əlavə edib.

“Oğlumun şəhidlikdən sonra, cənnətdə ilk ad gününü qeyd edəndə də Binəqədi rayon İcra Hakimiyyətindən heç kim gəlmədi, ziyarət etmədi, diqqətdə saxlamadı. İl mərasimində şəhidlər xiyabanında böyük tədbir oldu, amma yenə də adlarını çəkdiyim qurumlardan heç biri iştirak etmədi. Adi bir gül dəstəsi də gətirib məzara qoyan olmadı. İcra Başçısı 5-10 dəqiqə gəlib oturub, çıxıb getdi. Hər bir şeyi özümüz təşkil etmişdik, qohum-əqraba, dost-tanışın köməyi vasitəsilə. Oğlumun xatirə lövhəsini yaratmaq məqsədilə onlarla görüşdüm, bir-neçə dəfə gedib-gələndən sonra bu istiqamətdə müəyyən işlər görüldü.

Elə təsəvvür etdim ki, il mərasiminə qədər 9-cu mikrorayon, Mir Cəlal 99 küçəsində, yaşadığımız binanın həyətində xatirə abidəsi yaradılar, amma bunu da ərsəyə gətirə bilmədilər. Hələ də abidə yarımçıq qalıb. Həmin o abidənin yaradılmasında işlənmiş mərmərlərdən gətirib istifadə etdilər, buna görə də biz o işi saxlatdıq. Çox biganə, məsuliyyətsiz, şəhidliyə yaraşmayan hərəkətlər etdilər. Bundan sonra artıq abidənin orada yaradılmasına heç bir lüzum yoxdur, gəlib işlənmiş materiallarını söküb aparsalar daha yaxşı olar. Bundan başqa abidənin üst hissəsinə Azərbaycan gerbini də əyri vurublar. Bu günə qədər onlardan nə yardım, nə pul, nə yemək heç bir şey istəməmişəm, müraciət etməmişəm, etmərəm də. Bizə verilən bütün yardımları şəhid ailələrinə özüm şəxsən aparıb vermişəm. Arada-bir yardımlar təklif olunur, deyirəm ki, aparın ehtiyacı olanlara verin. Bircə diqqət və qayğı, xatirə abidəsinin yaradılması lazım idi, o da olmadı. Bütün bu işlər il mərasiminə qədər olmalı idi. Heç abidə yox, heç olmasa şəkili və adı, soyadı yazılan bir lövhə olardı orada heç olmasa. İnsanlar da bilərdi ki, bu küçədə kimsə şəhid olub” deyə şəhidimizin atası bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.