Baş Prokurorluqdan Ağdamda tapılan insan skeletləri ilə bağlı AÇIQLAMA

28-10-2021, 12:16           
Baş Prokurorluqdan Ağdamda tapılan insan skeletləri ilə bağlı AÇIQLAMA
Prokurorluq Ağdamın işğaldan azad olunmuş ərazisində qolları məftillə bağlı kişi və qadın skeletinin tapılması ilə bağlı araşdırma aparır.

Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində “Körpü-Bina Tikinti” MMC tərəfindən qazıntı işləri aparılarkən iki şəxsə məxsus insan sümükləri aşkar edilib.

Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Bərdə-Ağdam yolunun təxminən 37-ci km-də yol tikintisi texnikaları qazıntı işləri apararkən skeletlər aşkarlanıb. Sümüklər təxminən əsas yoldan 300 metr kənarda, yol yatağının torpaqla təmin edilməsi üçün aparılan qazıntı işləri zamanı ortaya çıxıb.

Skeleti tapılan şəxslərin paltarlı basdırıldığı müəyyən olunub.

Şahidlərinin dediklərinə görə, sümüklərin ətrafındakı paltar qalıqları qadın və kişiyə aid olub.

Hadisə yerinə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları insan qalıqlarını eksqumasiya edərək aidiyyəti üzrə tibbi ekspertizaya göndərib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.