Bahalaşma üçün son 5 ay- Hökumət nəyə ümid edir?
15-02-2022, 08:11

"İlin ikinci yarısından başlayaraq inflyasiya azalmağa doğru gedəcək. Beynəlxalq təşkilatların, dünyanın aparıcı mərkəzi banklarının və Azərbaycan hökumətinin proqnozları belədir".
Bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, inflyasiyanın daxili amilləri də nəzarətdədir:
"Azərbaycan hökuməti Mərkəzi Bank və digər iqtisadi qurumlarla birlikdə dövlət başçısının tapşırığı ilə antiinflyasiya proqramı üzərində işləri yekunlaşdırır. Yaxın vaxtlarda Azərbaycan hökumətində, İqtisadi Şurada bu tədbirlər müzakirə olunub qəbul ediləcək".
Qeyd edək ki, ötən il inflyasiya gözləniləndən artıq müşahidə edildi.
Hazırda da bu rəqəm o qədər aşağı səviyyədə deyil. Əgər inflyasiya ilin ikinci yarısından azalmağa doğru gedəcəksə, həmin ərəfəyədək qiymətlər bahalaşmaqda davam edəcəkmi?
İqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, qiymətlər kifayət qədər bahalaşıb:
"Bundan sonra dünya iqtisadiyyatında, əmtəə birjalarında, hər hansı böyük qlobal bahalaşma olarsa, o Azərbaycana idxal olunacaq. Əgər o olmasa, bizim artıq inflyasiya səngiyib və təbii bir hal idi.
Çünki 2020-ci ildən başlayan pandemiya ilə mübarizə yolunda bütün ölkələr fiskal və monetar siyasətdən istifadə elədi. Yəni külli miqdarda yardımlar, pullar bazarlara çıxdı. Bu da gözlənilən idi və proqnoz verilmişdi ki, dünyanı inflyasiya bürüyəcək, bu, həqiqətən də oldu. Paralel olaraq ərzaq məhsullarının bahalaşması oldu. Biz də bir çox məhsulları idxal edirik. Ona görə də adını idxal olunmuş inflyasiya qoydular.
İndi dünyada qiymət sıçrayışı baş verməsə, artıq səngiməyə doğru gedir. Əgər bahalaşma olacaqsa, bunu özümüzdə hiss edəcəyik. Çünki hər hansı bir məhsulu istehlak edirik. Məsələn, buğdanın qiyməti bundan sonra 5 dəfə də qalxsa, biz onu idxal ediriksə, bu bahalaşmanı öz üzərimizdə hiss edəcəyik.
Əgər dünya bazarlarında qiymət qalxmayacaqsa, daxildə inflyasiya prosesi artıq getmir, səngiməyə doğru gedir. Bu baxımdan, Mərkəzi Bankın rəhbərinin fikirləri ilə razıyam. Proqnozlar verilmişdi ki, ilk 6 ayda cüzi inflyasiya gedə bilər. Bundan sonra duğrunluğu əldə edə, qarşısını ala biləcəyik".
Nigar Abdullayeva
Cebhe.info