“Məktəblinin Dostu” deyəsən, direktorun dostuna çevrilib... - ETİRAZ

5-03-2022, 09:20           
“Məktəblinin Dostu” deyəsən, direktorun dostuna çevrilib... - ETİRAZ
İllərdir, hər dəfə bayram ərəfəsində nazirlik müraciət edir, xəbərdarlıq edir, tövsiyə edir… Etmədiyi nəsə qalmır, amma nə fayda?! Məktəblər öz bildiyini edir. Əsas fiqur da valideynlərdir. Hansı müəllim üçün nə qədər pul toplanmalıdır, pulun nə qədəri direktora, nə qədəri tədris hissə müdirinə, sinif müəlliminə, nə qədəri də sıravi - “fağır” müəllimə çatanacan, hesab-bölgü aparılır.

Belə çıxır ki, pul toplama kampaniyasının qarşısını almaq mümkün deyil? Əsas günahı valideynlərdə görənlər az deyil. Pul verən valideyndirsə, demək, əsas günahkar da odur. Valideynlərin arqumenti də var: pul verməyəndə uşağı gözüm-çıxdıya salırlar, uşaq başqalarından “seçilir”, istəmirik başı aşağı olsun, övladımız. Nə deyəsən? Bir valideyn ki, övladının başı aşağı olmasını pulla ölçür, bu zehniyyət qarşısında deməyə söz qalmır. Problemin kökü çox dərindədir. Pul ödəyən valideyndir, lakin pul tələb edən də var axı. Tələb edən olmasa, pul da toplanmaz. Bu elə bir labirintdir ki, çıxışı tapmaq çox çətindir. Mümkünsüz deyil amma. Növbəti dəfə 8 Mart ərəfəsində Təhsil Nazirliyi pul toplanmasının yolverilməz olduğuna dair müraciətlə çıxış edib. O cümlədən Təhsil Nazirliyi yanında İctimai Şuradan “8 mart”la bağlı çağırış edilib. İctimai Şuranın sədri Günel Səfərova müraciəti sosial şəbəkədə paylaşıb.

Müraciətdə məktəblərdə şagird və valideynlərdən hər hansı bir vəsaitin toplanmasının yolverilməz olduğu qeyd edilir. Bildirilir ki, bayramla bağlı xoşagəlməz halların qarşısını almaq üçün bu prosesə cəmiyyət olaraq hər birimiz nəzarət etməliyik. Həmçinin qeyd olunur ki, belə hallarla qarşılaşanlar [email protected] elektron poçt ünvanına müraciət edə bilər. “Unutmayaq ki, müəllimə hörmət valideynin öz övladının təlim-tərbiyə prosesinə həssas yanaşması, bu prosesdə onu hərtərəfli dəstəkləməsidir”. Müraciət xanımların 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edilməsi ilə yekunlaşdırılır.

Gözlənildiyi kimi məlum müraciətə rəylər də özünü çox gözlətməyib. Bəzisini təqdim edirik:
Zülfiyyə Nuriyeva: Diyosunuz…

Gunel Səfərova: dedik…
Nailə İsmayılova: Heç kəs də müraciət etməyəcək. Çünki valideynlər uşaqlarına görə narahat olurlar. Siz məktəb direktorlarının necə qisasçı olduqlarını bilmirsiniz. Hamısına şamil olunmur təbii ki...
Gunel Səfərova: Nailə İsmayılova, 55 dəqiqəyə müraciətlər gəlib. İşi doğru qurmaqdan asılıdır hər şey.
Zahir Məmmədov: Bütün qruplarda paylaşdım, hər kəs görsün, problemi olan varsa müraciət etsin.
Şəbnəm Uğurlu Cəbrayıl: Nənəm - Qabaqcıl Maarif işçisi Şəfiqə Baxışova 40 ilə yaxın müəllim və məktəb direktoru kimi çalışıb. Həmişə 8 Martda sumkasında kiçik hədiyyələrlə gedərdi məktəbə. Onunla bir məktəbdə çalışma şansı olan dayım qızı soruşduğunda, deyib ki, şagirdlərdən güldən başqa heç nə götürmürəm, bunları çantama ona görə qoyuram ki, mənə gül dəstəsi verən uşağın əlini boş qaytarmayım...
Aybəniz İsmayılova: Nənələrimiz!..
Fərhad Abdulov: Gecikmisiniz, artıq 1-ci sinfi bitirəcəyinə görə direktor üçün yığılan məbləğlərin, 1-ci sinifi bitirmələri ilə əlaqədar keçiriləcək tədbir xərclərinin anonsu verilib. Təşəbbüs təqdirəlayiqdir, lakin nəzərə alınmalıdır ki, müraciət edənlərin qarşısını fərqli məqamlar kəsir. Böyük ehtimal bu kimi vəziyyətlərin qarşısını almaq üçün alternativ yollar da düşünülür. “Məktəblinin Dostu” isə deyəsən, direktorun dostuna çevrilib.
Tural Səfərli: Açığı, heç bir müəllim kiməsə məcburi pul yığdırmır. Qaldı ki hansısa valideyn könüllü müəllimə bir hədiyyə verirsə, bunun qarşısını kəsmək lazımdı???
Fatimə Şirinova Hüseynova: Günel xanım, o poçta filan əziyyət verməyin, sabah məktəblərin çoxunda iş günüdür, sadəcə qarşısına gedib vəziyyətə baxın, vəssalam.
Vəfa Aslan: Həmçinin bir sinfin "whatsapp" qrupuna baxmaq olar.
Leyla Məmmədli – Sadıqzadə: Ümumiyyətlə, müəllimə çiçəkdən başqa hədiyyə verilməli deyil. Məsələn, əksər özəl məktəblərdə qanunla qadağandır belə hallar. Ümid edirik ki, dövlət məktəblərində də ləğv olunar.
Gülşən Kərimova: Müraciət edən şəxs gizli saxlanılmır, üstəlik, bütün sinifdə biabır edəcək duruma gətirib çıxarırlar. İndi deyin görüm, kim ifşa edər? Dediklərinə bax, bir də etdiklərinə.
Shahbaz Xuduoglu: Hədiyyə məsələsi biryolluq qadağan olunmalıdır. Şagird müəllimə niyə hədiyyə etməlidir? Məsələni qəti qoymaq lazımdır.
Vəziyyət bu cürdür, bu il üçün. Gələn il necə olacaq? Yaşayarıq, görərik. //sherg.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.