Rusiya hökuməti xarici şirkətlərə “əl qoyur” – Milliləşdirmə layihəsi hazırlanıb

11-03-2022, 11:50           
Rusiya hökuməti xarici şirkətlərə “əl qoyur” –
Xarici şirkətlərin Rusiyadan kütləvi axınını önləmək məqsədilə ölkənin iqtisadiyyat nazirliyi qanun layihəsi hazırlayıb. Şirkətlərin milliləşdirilməsi üçün zəmin hazırlandığı görünür.

“AzPolitika.info” Rusiya mətbuatına istinadən xəbər verir ki, layihəyə görə, dövlətə məxsus Vneşekonombank və ixraca zəmanət agentliyi xarici şirkətlərin əmlakını nəzarət hüququ əldə edəcək.

Xatırladaq ki, Rusiya fevralın 22-də Ukraynaya hücuma başlayandan xeyli sayda beynəlxalq şirkət Rusiyada fəaliyyətini dayandırıb.

Hakim “Vahid Rusiya” partiyasının məlumatına görə, bu qanunvericilik Rusiyanı tərk edən xarici təşkilatların milliləşdirilməsinə doğru ilk addımdır. Hakim partiya parlamentdə çoxluqdadır və hökumətin, yaxud Kremlin təşəbbüslərini dərhal təsdiqləyir.

Qanunvericilikdə deyilir ki, xarici şirkətlərin rəhbərləri biznesin aparılmasını de-fakto dayandırarsa, Rusiyanın üç ay ərzində onları nəzarətə almaq hüququ olacaq. Yaxud xarici şirkət başçıları şirkətləri əsassız likvidasiya, yaxud müflis edərsə, hökumət altı ay ərzində onlara nəzarəti ələ keçirə bilər.

Yeni şirkətlərin səhmləri satışa çıxarılacaq, köhnələr isə likvidasiya ediləcək. Əgər yeni şirkətlərlə heç kəs maraqlanmasa, onlar milliləşdiriləcək. Qanun layihəsindən belə çıxır.

“İzvestiya” qəzeti nazirliyin hökumətə və Baş prokurorluğa Rusiya bazarını tərk etmiş və milliləşdirilməsi mümkün 60 xarici şirkətin siyahısını göndərildiyini yazıb.

Siyahıda “Volkswagen”, “Apple”, IKEA, “Microsoft”, IBM, “Shell”, “McDonald's”, “Porsche”, H&M və digər şirkətlər var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru