Ermənilər Qarabağa turist axınına mane olur: - “Xankəndi və ətrafına tam nəzarət...”

11-03-2022, 15:56           
Ermənilər Qarabağa turist axınına mane olur: -
Ermənilər Qarabağa turist axınına mane olur:
"Bu il Dövlət Turizm Agentliyinin (DTA) əsas fokuslandığı məsələlərdən biri Qarabağın turizm potensialıdır".

Bunu DTA sədrinin müşaviri Kənan Quluzadə bildirib. O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərlə bağlı dəyərləndirmə, konsepsiyaların, strategiyaların hazırlanması və digər istiqamətlərdə fəaliyyət göstərilir:

“Yolumuz Qarabağadır” layihəsi çərçivəsində artıq bir neçə marşrutu təqdim etmişik. Xarici vətəndaşların səfərləri barədə də düşünürük ki, onun da bir sistemini quraq. Ümumən gözləyirik ki, 2025-ci ilə qədər Qarabağa daxili və xarici turistlər daxil olmaqla sırf turist kimi bir milyona yaxın insan səfər edəcək".

K.Quluzadə Qarabağda turizm infrastrukturunun yaradılması planlarından da danışıb:

“Azad edilmiş ərazilərdə turizm infrastrukturu barədə müəyyən planlarımız var. Məsələn, Suqovuşan, Hadrut, Şahbulaqla bağlı planlar var. Müxtəlif regionlarla bağlı ayrı-ayrı layihələr, vahid marşrutlar və tematik klasterlər üzərində işləyirik. Bu işlər üçün xarici mütəxəssisləri cəlb etmişik. Eyni zamanda, ictimai birliklərlə bu sahədə məsləhətləşmələr aparırıq. İşğaldan azad edilmiş ərazilərə səfərlərimiz olur. Bu səfərlərin daha intensiv olmasına çalışacağıq. Qarabağın və Şərqi Zəngəzurun tanıtımı ilə məşğuluq. Ötən ilin may ayından Şuşanın, Zəngəzurun potensialını sərgiləməyə başlamışıq. Görürük ki, maraq böyükdür və bu, Azərbaycan turizmi üçün daha bir imkan yaradacaq. Yəni biz rəqabət şəraitində dünya bazarına yeni bir üstünlüklə qayıdırıq”.

Onu da qeyd edək ki, son günlər ardıcıl olaraq erməni silahlı dəstələri tərəfindən mövqelərimiz atəşə tutulur. Martın 10-u saat 19:45-dən martın 11-i saat 08:35-dək Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən fasilələrlə atəşə məruz qalıb. Ordumuzun Füzuli, Xocavənd, Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə atəşə tutulub.

Bundan başqa, Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd, Aşağı Şorca, Əzizli yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini də atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Göründüyü kimi, Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri təxribatlarını davam edirir.

Belə bir şəraitdə təhlükəsizliyin təmini də əsas şərtlərdən biridir. Ekspertlər turizm sektoru ilə bağlı hələ də həllini gözləyən problemlərin olduğunu deyirlər. O cümlədən, Qarabağın turizmlə bağlı potensialını nəzərə alsaq, bu istiqamətdə gözləntilər çoxdur. Buna baxmayaraq, turist cəlbi ucun təhlükəsizlik də əsasdır.

Ermənilərin hazırkı davranışları, atəşkəsi tez- tez pozmaları bölgədə turizmin inkişafına əngəl yaradacaqmı? DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, DTA açıqlamasının zaman məhdudiyyəti yoxdur:

“Gələcəkdə ola bilsin ki, belə bir potensial yaradılsın. Ancaq təhlükəsizlik ciddi məsələdir. Rusiya sülhməramlılarının göz yumması nətiəsində erməni silahlı dəstələrinin həmin mövqedə qalması, infrastrukturun yaranması, iş gücünün və cəlbediciliyin artırılması üçün böyük təhdiddir. Düşünmürəm ki, Azərbaycan uzun zaman bu təhdidə göz yumacaq. Bu təhdid tamamilə aradan qaldırılmalıdır. Bu, ya Ermənistanla sülh müqaviləsindən sonra atılmış addımlar çərçivəsində ola bilər, yaxud Azərbaycan öz ərazisində antiterror tədbirləri həyata keçirər. İstənilən halda bu təhdid tamamilə aradan qalxmalıdır ki, o bölgənin iqtisadi inkişafı, turizm potensialı ilə bağlı imkanlar və fürsətlər açılsın. Çünki istənilən halda zaman-zaman atəşkəsin ermənilər tərəfindən pozulması ilə bağlı xəbərlər yayıldıqca, orada turizm gözləntiləri çox aşağı düşür. Yəni heç bir turist təhlükəsizliklə bağlı problem həll edilmədən bölgəyə səfər etməz. Ona görə də bu məsələ öz həllini tapmalıdır. Bu, ya danışıqlar yolu, ya da Azərbaycanın öz ərazisində konstitusion hüquqlarından istifadə etməsiylə olacaq. Hər iki halda nəticə olaraq daimi, əbədi sülh və sabitlik yaranmalıdır ki, iqtisadi fürsətlər, o cümlədən turizm potensialı yaransın”.

Ekspertin fikrincə, hazırda söhbət Qarabağda böyük sayda turist qəbulundan getmir:

“Bu gün təhlükəsizliklə bağlı problem həll olunsa da, infrastruktur baxımından bölgə hazır deyil. Həmin əraziyə il ərzində 1 milyon turistin gəlməsi, ay ərzində 100 minə yaxın turist edir ki, onların yerləşdirilməsi, gəzməsi, əylənməsi üçün infrastrukur da yoxdur. Ancaq infrastrukturun da qurulması üçün birinci növbədə təhlükəsizlik məsələsi öz həllini tapmalıdır. Bu baxımdan dünya xəbərlərində Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı təşviş doğuran məlumatlar olmamalıdır. Bunun üçün də orada sülh və sabitliyin qorunması, Azərbaycanın hüquq-mühafizə orqanlarının ərazinin tamamına, o cümlədən Xankəndi və ətrafına tam nəzarət etməsi əsas şərtlərdən biridir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.