“Dərman bazarında qiymətlər kəskin artacaq” - Ekspert danışır

12-03-2022, 12:49           
“Dərman bazarında qiymətlər kəskin artacaq” - Ekspert danışır
“Azərbaycan təxminən il ərzində 550 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edir”. Teref.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib. İqtisadçının sözlərinə görə, bunun cəmi 33 milyonu Rusiyanın payına düşür ki, bu da təxminən 6-7 faizlik paydır:

“Amma buna baxmayaraq Rusiyanın Azərbaycanın dərman təchizatı bazarında payı o qədər də böyük deyil. Ukraynadan da idxal olunan dərman və dərman məhsulları isə təxminən 2-3 faizlik paya malikdir. Qeyd edim ki, Azərbaycanın dərman bazarında qiymətin bahalaşması və ya bəzi dərman məhsullarına rast gəlinməməsi bundan əvvəlki dövrdə də müşahidə olunurdu. Bu, daha çox pandemiya dövründə yoluxma hallarının artması ilə bağlı idi. Yəni, tələb kəskin artır, bəzi məhsullar tükənir yaxud da tükənmək istqamətində risklər yaranırdı. Belə hallarda qiymətlər də artırdı. Hətta, Tarif Şurasının müəyyən etdiyi qiymətlərin üzərində də qiymətlərdə müəyyən olunurdu. Qanun pozuntuları baş verirdi və nəticədə qıtlıq yaranırdı”.

İqtisadçı qeyd etdi ki, ümumiyyətlə Rusiya-Ukrayna prosesləri idxalı məhdudlaşdıracaq: “Xüsusilə də, Ukraynadan idxal mümkün olmayacaq. Rusiya isə çalışacaq ki, mümkün qədər gələcəkdə bu istiqamətdə rüsumları, xərcləri artırsın. Və beləliklə həmin məhsullar Azərbaycana daha baha qiymətə gələcək. Amma bizim dərman bazarında əsas fundamental problem bu bazarın lideral olmamasıdır. Bu bazarda 3 böyük dərman şirkəti var. Demək olar ki, bazarı onlar paylaşırlar və əsasən bir yerdən idarə olunurlar. Buna görə də, liberal şərtlər daxilində qiymətlərin formalaşması müşahidə olunmur. Bunun nəticəsidir ki, eyni dərmanlar sərhəddən 200-300 km İranda bura ilə müqayisədə qat-qat ucuz satılır. Qeyd edim ki, bundan sonrakı dövrdə Rusiya-Ukrayna məsələsi təkcə birbaşa dərmanın qiymətinə deyil, eyni zamanda dünya bazarında enerji məhsullarının qiymətinin artması da qiymətlərə öz təsirini göstərəcək. Bu da bütün məhsulların maya dəyərində oturan bir məsələdir. Son nəticədə həmin məhsulların istehsalı da baha başa gələcək və onların transport xərcləri artacaq. Bütövlükdə götürəndə bu bahalaşma daha da kəskin xarakter alacaq. Hökumət çalışmalıdır ki, mümkün qədər bu bazarı liberallaşdırsın və oyunçu sayı artsın, rəqabət artsın. Dolayısıyla burada qiymətlər optimallaşsın. Eyni zamanda Tarif Şurası çərçivəsində müəyyən edilmiş qiymətlərin nəzarəti gücləndirilsin”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.