Vəzifəli dindarların təyinatı QMİ-nin əlindən birmənalı alındı - köhnə əməllərə son qoyulacaqmı?..

12-03-2022, 14:38           
Vəzifəli dindarların təyinatı QMİ-nin əlindən birmənalı alındı - köhnə əməllərə son qoyulacaqmı?..
Tural İrfan: “...Görək Dini Komitə məcbur olub o ənənəni davam etdirəcək, yoxsa həqiqətən də o ziyanlı kadrları dəyişəcək?”

Uzun illər ölkəmizdə məscidlərin, dini təşkilatların, pir və ziyarətgahların rəhbərləri Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təyin edilirdi. Onlar isə “Din dövlətdən ayrıdır” deyib, istədikləri adamları müxtəlif məscid və ziyarətgahlara rəhbər vəzifəsinə təyin edirdilər. Məscidlərinin çoxuna rəhbərlik edənlərlə bağlı cəmiyyətdə gəzən söz-söhbətlər də məlumdur. Amma artıq QMİ məscidlərə dini rəhbər təyin edə bilməyəcək. Belə ki, Azərbaycanda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alınıb. Bununla bağlı Prezident İlham Əliyev "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Qanuna dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma verilir. Müvafiq qurum təyinatla bağlı sadəcə Qafqaz Müsəlmanları İdarəsinə məlumat verəcək.

Həmişə din xadimlərinin təyinatı, seçimi məsələsində problem olub. Qanunla bu səlahiyyətin QMİ-dən alınması bu sahədə şəffaflığın təmin edilməsinə necə təsir edəcək?

“Biz deyirik ki, məscidlərə Azərbaycanda milli dini təhsil almış insanlar axund, imam təyin olunsun”

İlahiyyatçı Tural İrfan baki-xeber.com-a bildirdi ki, QMİ-nin bu səlahiyyətinin alınmasının müsbət nəticə verəcəyi şübhəsizdir: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni səlahiyyətlər verilib. Belə ki, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyətləri QMİ-dən alınıb Dövlət Komitəsinə verilir. QMİ-dən bu səlahiyyətlərin alınması çox müsbət haldır, təqdirəlayiq haldır. Çünki əvvəlki halda QMİ-nin təyin etdiyi şəxslər həqiqətən də Azərbaycan xalqına, dövlətinə qarşı mövqe tutan, tolerantlığın kökünə balta çalan kadrlardır. QMİ-nin təşkilat şöbəsinin sədri vardı, hazırda o bu qurumda çalışmır. Azərbaycanda nə qədər İranın Qum şəhərində oxumuş anti-Azərbaycançı, radikal düşüncədə olan adam vardısa, onların hamısını məscidlərə axund təyin etdi. İddialara görə, QMİ-dəki həmin keçmiş təşkilat sədri onları məscidlərə axund vəzifəsinə maddiyyat qarşılığında götürdü. Belə hallar barədə söz-söhbətlər geniş yayılıb. Bu şəxslər həqiqətən də Azərbaycanda İran əleyhinə yetişdirilən “məharətli” fiqurlar idi. İranda Azərbaycana qarşı hazırlanmış bu “məharətli” fiqurlar dövlətimizə qarşı təbliğat aparırdılar, indi də aparanlar var. Mən onları çox təhlükəli fiqurlar hesab edirəm. Niyə bu məsələni vurğuladım? Qoy aydın olsun ki, QMİ-nin təyin etdiyi ruhanilər və din xadimləri kimlər idi, onların dövlətə nə xeyri dəyib, indən sonra Dövlət Komitəsi nə edəcək. QMİ-nin fəaliyyəti haqda kifayət qədər aydın təsəvvürlər var. Dövlət Komitəsi isə həqiqətən də yarandığı gündən indiyə kimi cəmiyyətimiz, xalqımız tərəfindən mənfi münasibətlə üzləşməyib və biz qurumun fəaliyyətində hansısa neqativ halları müşahidə etməmişik. Burada çox savadlı kadrlar var və Dövlət Komitəsi təşkil ediləndən bugünə kimi o savadlı kadrlar orada çalışırlar. Burada dinimizi, milli-mənəvi dəyərlərimizi bilən, təbliğ edən, həm də dövlətçiliyimizə sadiq olan, dövlətçiliyi dəstəkləyən adamlar çalışır. Hərçənd, müəyyən vaxtlarda ora sədrlər təyin edilib. Halbuki, o sədrlərin çoxu kəlmeyi-şəhadətini bilmirdi. Belə fəaliyyət də olub. Amma Komitədə işləyən kadrlar çox yüksək səviyyəlidir, ilk növbədə Azərbaycan dövlətçiliyinə bağlı adamlardır. Əminəm ki, Dövlət Komitəsinin imam, axund təyinatına “yuxarıdan” müdaxilələr olmasa, bu sahədə indiyə qədər olan problemlər aradan qalxacaq. Yəni ki, o xarici qüvvələr QMİ-yə təsir göstərib Azərbaycan əleyhinə olan bütün əks mövqedə adamları məscidlərə yerləşdirmişdilər. Əgər o qüvvələr Dövlət Komitəsinə də təsir göstərməyəcəksə, sirayət etməyəcəksə, onlar azad, sərbəst şəkildə heç kəsin tapşırığı olmadan, “yuxarıdan” kiminsə zəngi ilə kimlərisə axund təyin etmək tapşırığı almayacaqlarsa, o zaman inanıram ki, Dövlət Komitəsi dövlətçi axund və imamları məscidlərə təyin edəcək. Amma burada bir qaranlıq məqam görsənir. Bu qərar hələ qüvvəyə minməmişdən əvvəl 5-ci kalon buna öz zərərli təsirini göstərib. Bu nədən ibarətdir? Biz deyirik ki, məscidlərə Azərbaycanda milli dini təhsil almış insanlar axund, imam təyin olunsun. Bu milli kadrlar da kimlərdir? 1989-cu ildən Bakı İslam Universiteti fəaliyyət göstərib, burada kifayət qədər milli düşüncəli, dövlətə, dövlətçiliyə bağlı din xadimləri, savadlı ruhanilər yetişdirilib. İndi bu universitetin 3700-ə yaxın məzunu var və Təhsil Nazirliyinin qərarı ilə bu məzunların diplomları tanınmır. Özü də onlar beş il təhsil alıblar və onlara magistr diplomu verilib. Halbuki, o diplomla gedib AMEA-dan doktorantura işi, dissertasiya götürüb elmi iş yazıb müdafiə edən alimlərimiz, dövlət işində çalışan, xaricdə çalışan, diasporlarda Azərbaycan dövlətini təmsil edən, xeyir verən kifayət qədər məzunlar var. Bunların hamısını diplom məsələsinə görə işdən çıxarırlar, vəzifələrindən kənarlaşdırırlar. Mənim üçün maraqlı olan odur ki, görək Dövlət Komitəsi məscidlərə imam, axund təyin edərkən hansı kadrları seçəcək. Bu məsələ hələ mənim üçün qaranlıqdır. Yaxşı, milli ali dini təhsil alan kadrların diplomlarını rədd edirlər, indi görək bunlar İrandanmı, başqa yerlərdənmi kadrlar dəvət edəcəklər, yoxsa milli kadrların diplomlarının tanınmasına nail olub bu vəzifələrə onları təyin edəcəklər?”

T.İrfanın sözlərinə görə, bu işi kökündən həll etmək üçün milli kadrlara ehtiyac var. O qeyd etdi ki, tutalım, Dövlət Komitəsi attestasiya, islahat keçirib QMİ-nin təyin etdiyi şəxsləri vəzifədən kənarlaşdırdı, onların yerinə kadrlar lazımdır. “Bu gün məscdilərdə imamlar var ki, minbərdə oturub açıq-aşkar Azərbaycan dövlətçiliyinin düşməni olan dövlətin siyasi rəhbərlərini özlərinə rəhbər hesab edir, Azərbaycanın dost olduğu ölkələrə lənət oxuyur, siyasi şüarlar səsləndirir. İndiyə qədər bütün bu neqativ hallara QMİ rəvac verib. Bu qurum elə fəaliyyət göstərib, bu işin kökünə elə balta vurub ki, sözlə deyiləsi deyil. Bu səbəbdən mənim üçün də maraqlıdır, görək Dini Komitə məcbur olub o ənənəni davam etdirəcək, yoxsa həqiqətən də o ziyanlı kadrları dəyişəcək?”- deyə T.İrfan qeyd etdi.

İradə SARIYEVA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.