Pensiyalarda fərqli artımlar - rəsmilərin və ekspertlərin izahı...

15-03-2022, 10:23           
Pensiyalarda fərqli artımlar -
Akif Nəsirli: “2021-ci ildə orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq...”

Azərbaycanda 2020-ci ilin yanvar ayının 1-dən etibarən, başqa sosial sahələrdə olduğu kimi, pensiya sahəsində də artım baş verdi. Əlbəttə ki, pensiyaların artması, vətəndaş məmnunluğunun təmin edilməsi dövlətin sosial siyasətinin əsas hədəfidir.

Bəzi vətəndaşlar qeyd edirlər ki, pensiyalarında o qədər də artım baş verməyib. Onların bildirdiyinə görə, 200 manat pensiya alanların pensiyası 40 manat qalxaraq 240 manat olub, amma 260 manat pensiya alanların pensiyası cəmi 8 manat artıb. Bu baxımdan, pensiyaların hesablanması bəzi vətəndaşlarda narahatlıq yaradır, hətta pensiyanın düzgün hesablanmadığını iddia edənlər də var. Elə adamlar da var ki, pensiyasında heç bir artım olmadığını iddia edir.

Bu ilin yanvar ayına qədər 260 manat pensiya alan vətəndaşların pensiyası nə üçün cəmi 8 manat qalxıb? Ümumiyyətlə, Dövlət Sosial Müdafiə Fondu (DSMF) artımları necə hesablayır ki, birində artım çox olur, birində isə az? Ümimiyyətlə, niyə artım faizləri fərqlidi?

Mövzu ilə əlaqədar DSMF-yə sorğu göndərdik, sorğumuza hələlik cavab ala bilmədiyimiz üçün məsələni ekspertlə müzakirə etdik.

“…Pensiyası 40 manat artan çox az adam var”

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli “Bakı-Xəbər”ə bildirdi ki, DSMF-nin pensiyaları bu şəkildə hesablaması tamamilə qanunauyğundur. “Qanuna əsasən, yanvar ayının 1-dən əmək pensiyasının minimum məbləği 200 manatdan 240 manata qalxdı. Yəni kim 200 manat minimum əmək pensiyası alırdısa onun pensiyası 40 manat artırılaraq 240 manata çatdırıldı. Digərlərində də kim ki, 210 manat alırdı, onun da pensiyası 240 manata qaldırıldı, 220 manat alanların da pensiyası 240 manata çatdırıldı. Tutaq ki, kimsə 235 manat alırdısa onun da pensiyasına 5 manat artım oldu. Yəni minimum pensiya 240 manata qaldırıldı. Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, bu artımdan 46 min əmək pensiyaçısı yararlanıb. Pensiyaçı var ki, pensiyası 50 qəpik artıb. Yəni vətəndaşın pensiyası 239 manat 50 qəpik imiş və 50 qəpik artaraq 240 manat olub. Eləsi də var ki, pensiyası 10,15,20 manat artıb. Yəni pensiyası 40 manat artan çox az adam var. Ondan sonra fevral ayında Prezidentin sərəncamı ilə 2021-ci ildə orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq qanuna əsasən əmək pensiyasının indeksasiyası həyata keçirildi”.

A.Nəsirlinin qeyd etdiyinə görə, Statistika Komitəsinin məlumatına əsasən müəyyənləşdirilib ki, 2021-ci ildə orta aylıq əmək haqqı 3,4 faiz artıb və buna əsaslanaraq əmək pensiyalarının məbləği 3,4 faiz artırılıb. Mərkəz sədrinin sözlərinə görə, orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq pensiya indeksasiya edilib. "Onu da qeyd edim ki, bayaq vurğuladığımız minimum əmək pensiyası alan (240 manata qədər) şəxslərin pensiyaları yanvarın 1-dən 200 manatdan 240 manata qaldırıldığına görə onlara indeksasiya şamil edilmir. Bir tərəfdən əmək pensiyasının minimum məbləği qaldırılıb, digər tərəfdən isə yanvarın 1-dən etibarən 3,4 faiz indeksasiya edilib. Bu artımın hər ikisi eyni tarixdən başladığına görə vətəndaşlara bu iki artımın biri şamil olunur. Yəni minimum əmək pensiyasının artımından bəhrələnən pensiyaçıların pensiya məbləği bu il indeksasiya edilmir. Onlar yalnız bir fərmanla artırılır, ikinci fərman şamil olunmur. O ki qaldı 200 manat yardıma, hər bir əmək pensiyaçısına 3 aydan bir 50 manat verilir. Bu, əlilliyi olanlara, əlilliklə pensiyaya çıxanlara aid deyil. Əlilliklə pensiyaya çıxıb əmək pensiyası alanlara aiddir. Yalnız əlillik alanlara aid deyil.

…Amma çox nadir adam ola bilər ki, indiyə qədər 200 manat əmək pensiyası alsın. Minimum əmək pensiyası alanların sayı çox az idi. Vətəndaş 2022-ci ilin yanvar ayının 1-nə qədər 260 manat pensiya alırdısa, Prezidentin fərmanı ilə orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq pensiya indeksasiya edilir. İndeksasiyanın məbləği 3,4 faizdir. Yəni 2021-ci ildə orta aylıq əməkhaqqı 3,4 dəfə artdığına görə pensiyaların məbləği 3,4 faiz artırılır, indeksasiya edilir. Ona görə də, yanvarın 1-nə qədər 260 manat pensiya alan şəxs yanvarın 1-dən sonra 268 manat 84 qəpik alır. 8 manat 84 qəpik də 260 manatın 3,4 faizidir. Bu cür artım yaranır. Bundan əlavə də 3 aydan bir rüblük olaraq hər birinə 50 manat verilir. Söhbət əmək pensiyalarından gedir”- deyə A.Nəsirli bildirdi.

Sorğumuza cavab göndərərsə, DSMF-nin də mövqeyini çap edəcəyik.

İradə SARIYEVA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.