Azərbaycanda təhlükə addım-addım yaxınlaşır: - “Prezidentin fərmanı yerinə yetirilmir”

15-03-2022, 13:09           
Azərbaycanda təhlükə addım-addım yaxınlaşır: -
“Baş nazir Əli Əsədov “Kür çayının aşağı axarında suyun axınının tənzimlənməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncamda qeyd edilib ki, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə müvafiq Komissiya yaradılıb. Su ehtiyatlarından içməli su təchizatı, suvarma və energetika məqsədləri baxımından planlı, koordinasiyalı və optimal istifadə istiqamətində görülən tədbirlər sayəsində Kür çayı üzərində yerləşən və ölkənin ən iri su anbarı olan Mingəçevir su anbarına əvvəlki illə müqayisədə daxil olan suyun həcminin azalmasına baxmayaraq, anbarda yığılmış suyun həcminin təxminən 1 milyard kubmetr həcmində artırılmasına nail olunsa da, son illərdə dünyada, o cümlədən məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda müşahidə edilən iqlim dəyişiklikləri ilə əlaqədar Mingəçevir su anbarında tələb olunan su həcminin toplanması mümkün olmayıb.

Bildirilib ki, azsululuq dövründə Kür çayının aşağı axarında suyun azalması və 50 kilometrlik mənsəb hissəsində Xəzər dənizinin suyunun çayın suyuna qarışması nəticəsində suyun duzlaşma dərəcəsinin artması baş verir ki, bu da həmin ərazidə məskunlaşmış əhalinin fasiləsiz içməli su və əkin sahələrinin suvarma suyu ilə təminatında ciddi çətinliklər yaradır.

Bu istiqamətdə mövcud problemlərlə bağlı bir sıra tapşırıqlar verilib. Dia.az xəbər verir ki, son günlər Kürdə yaranan problemlər və onun həlli yolları ilə bağlı “Cümhuriyət” qəzetinin müsahibi AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılovdur:

-Son günlər Kür çayının quruması ilə bağlı fikirlər səslənir. Təhlükə gözlənilirmi?

-Qış aylarında suyun az olması səciyyəvidir. Çünki qış aylarında yağıntı, əsasən qar halında düşür. Həmin qarın düşməsi hələ su demək deyil. Gərək qar ərisin və aprel, may aylarında suyun çoxalmasını görmək mümkündür. Bu da dağlarda olan qarın miqdarından asılıdır. Aldığımız məlumata görə, bəzi dağlıq ərazilərdə qar var, bəzi yerlərdə az düşüb. Qar yağıntısının paylanmasında da müəyyən fərqlər var. Təbii ki, bunlar yaz sululuğuna təsir edəcək. Ancaq hazırda, qış aylarında Kür çayında çox ürəkağrıdan mənzərələr var.Çayın quruması haqqında xəbərlərlə bağlı biz Kür çayında olduq. Elə bir vəziyyət görmədik. Yevlaxdan, Salyan Neftçalaya qədər, Araz çayı dərəsində müşahidələr apardıq və məlum oldu ki, Araz çayında ciddi problem yaranıb. Ancaq Kür çayı Yevlax ərazisində Mingəçevir su anbarından buraxılan suyun hesabına kifayət qədər suya malikdir.

Lakin Kürün mənsəbinə, Neftçalaya, Salyana doğru getdikcə, su tədricən azaldı və nəticə etibarilə Salyan ərazisində problemlər artıq özünü göstərməyə başladı. Bunun səbəbi isə onunla bağlıdır ki, bu aylarda suvarma mövsümü başlayır. Hətta müşahidələrimizə görə, fermerlər taxıl sahələrini suvarmaq üçün su tapa bilmirlər. Xüsusilə Zərdab, Kürdəmir, Yevlax ərazisində taxılçılıqla bağlı suya tələbat yaranır. Taxılı suvardıqda isə gedib Salyana, Neftçalaya gedib çatmır. Ümumiyyətlə, Kür çayında demək olar ki, davamlı quraqlıq müşahidə edilir. Ötən il olan quraqlıq daha da dərinləşir. 2020-ci illə müqayisədə Kür çayının dərəsi, xüsusiə də Salyan rayonun ərazisində davamlı şəkildə kiçilir. Çayın yatağı davamlı bitki örtüyü ilə tutulur. Bəzi yerdə üç, bəzi yerlərdə dörd dəfə kiçilir. Onu da müşahidə etdik ki, Kür çayı artıq təbii yolla su qəbul edə bilmir. Artıq tam olaraq tənzimlənən bir rejimə keçir. Yəni Arazdan su gəlməyəndə, Kür çayına yalnız Mingəçevir su anbarı su verə bilər.

Bundan başqa, Azərbaycan ərazisində Kürə tökülən çaylarda da problem var, sululuq xeyli azalıb. Bu sululuğun azalması da Kürdə təbii rejimin olmasını çətinləşdirir. Belə görünür ki, Kür çayı Mingəçevir su anbarından gələn sudan asılı olub. Kür çayı süni tənzimləmə rejiminə keçib. Belə vəziyyətdə Kür təbii şəraitdən çox, insan amilindən asılı olaraq idarə olunur. Belə davam edərsə, yay aylarında bizi heç də ürəkaçan vəziyyət gözləmir. Ona görə də indidən tədbirlər görmək lazımdır. Nazirlər Kabinetinin bu günlərdə verdiyi sərəncam da yerinə düşüb. Həmin sərəncam da müəyyən qədər əhalinin su ilə təminatına kömək göstərə bilər.

-Nazirlər Kabinetinin sərəncamında bir sıra dövlət qurumlarına müvafiq tədbirlərin görülməsi tapşırılıb. Həmin problemlərin qarşısını vaxtında almaq mümkün deyilmi?

-Bəzən dövlət qurumlarına elə səlahiyyət verilir ki, o səlahiyyətdən kənara çıxa bilmirlər. Yaxud, bəzən dövlət qurumları səlahiyyətləri bir-birinin üzərinə ötürür ki, nəticədə konkretlik olmur. Müvafiq qurumlar konkret işləsələr, nəticə əldə etmək olar. Məsələn, Araz çayının dərəsində qum-çınqıl karxanaları işləyir. ETSN-in yerli orqanları kifayət qədər təsir göstərmək istəyir, ancaq şirkətlərə “gec çatır”. Bilmirəm, nazirliyin səlahiyyətini, cərimələri artırmaq, yaxud hər hansı tədbir görmək lazımdır ki, bu problem həllini tapsın. Eləcə də FHN fövqəladə halda dövriyyəyə girir. Onun burada işi su ehtiyatlarına nəzarət deyil. Yəni fövqəladə vəziyyət yoxdursa, onun müdaxiləsinə də ehtiyac yoxdur. Kür çayında təmizləmə işləri görmək lazımdır. Elə kanallar, kollektorlarımız var ki, orada kifayət qədər su var, ancaq onların təmizlənmədən işlədilməsi doğru deyil.

Nazirlər Kabinetinin sərəncamında da bunlara müəyyən qədər yer verilir və bu müsbət cəhətlərdir. Ancaq dövlət qurumları bir-biri ilə əlaqədar işləri həyata keçirsələr, müəyyən nəticələr almaq mümkündür.

-Sovet dövründə də ölkədə müxtəlif məhsullar yetişdirilir, o cümlədən taxıl əkilirdi. Yəni su çatışmazlığına məhsul əkini səbəb olmurdusa, hazırda niyə bu problem yaranır?

- Son zamanlar bir sıra aqroparklar yaradılıb. Çox yaxşıdır, alqışlayırıq. Ancaq aqroparklar suvarılan sahələri əhatə edir. Yəni su əsasən onlara verilir. Digər fermerlər isə su əldə edə bilmir. Ona görə də problem yaranır. Əvvəllər planlı təsərrüfat idi. Dövlət bilirdi ki, nə qədər əkəcək, nə qədər su var. İndi hər kəs yer götürür, həmin sahədə aqropark yaradır və suyu da əldə edir. Kiçik fermer isə çətinliklə üzləşir, sahəsi quruyur. Aqroparkların genişlənməsinin əleyhinə deyilik. Sadəcə bəzən elə sahələrdə təşkil olunur ki, həmin sahələr suvarma sistemlərinin inkişafı üçün əlverişli deyil. Kiçik fermerləri də nəzərə almaq lazımdır. Ona görə də təklif edərdim ki, yaxın 5-6 il ərzində yeni suvarılan sahələr istifadəyə verilməsin. Köhnə suvarılan sahələrin su ilə təminatı yaxşılaşdırılsın. Burada bir qədər dövlətin ciddi müdaxiləsi lazımdır ki, belə problemlər olmasın.

5-6 ildən sonra isə əlavə tədbirlər görülər. Bu istiqamətdə Prezidentin fərmanı var, ancaq iş yerinə yetirilməyib. Hələ bundan sonra layihələr hazırlanır. Bundan sonra beton üzlənmə aparılacaq. Bunlar hamısı su itkisidir.

-Ölkədə indiyədək bir neçə su anbarı yaradılıb. Onların ölkədəki su probleminin həllinə, o cümlədən Kür çayına köməyi var?

-Ümumiyyətlə, su anbarlarının yaradılmasına gəldikdə dünyanın bəzi ölkələrində su anbarlarını dağıdırlar. Onlar o qədər də effekt vermir. Su anbarları çayın aşağı axarında ekoloji vəziyyəti gərginləşdirir. Çayları su kimi, ekosistemin bir parçası kimi başa düşmək lazımdır. Azərbaycan təbiətini, Böyük Qafqaz, Kiçik Qafqaz, Aranı vahid sistemə gətirən çaylardır. Çay onlar arasında əlaqə yaradan, təbiəti bütövləşdirən bir sistemdir. Təbiətin qan damarı olan çayda tıxanma yaradılarsa, istər-istəməz ekosistemin digər hissəsini də pozulur. Su anbarı tikməyək, bəs nə edək? Su anbarlarını tikmək lazımdır, ancaq elə çaylarda ki, ekoloji axını qoruya biləsən. Bəzən elə çaylar var ki, çox kiçikdir və orada su anbarı tikdikdə aşağı axında su kəsilir. Çay ətrafında yaşayan əhali, kənd təsərrüfatı sahələri yaxın gələcəkdə əziyyət çəkməyə məhkumdur.

Bu su anbarlarının Kür çayına heç bir xeyri yoxdur. Yəni Kür çayına gedən suyu daha da azaldır, vəziyyəti daha da gərginləşdirir. Təbiət bir-birinə bağlı komponentlərdən ibarətdir. Bu komponentlərdən biri dəyişəndə digərləri də dəyişməyə məhkumdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.