Nazirə işçisinin qardaşından şikayət olundu - Dələduzluq ittihamı...

18-04-2016, 12:59           
Nazirə işçisinin qardaşından şikayət olundu - Dələduzluq ittihamı...
Etiraf etmək lazımdır ki, bu günlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin fəaliyyəti ölkə ictimaiyyəti, bütün xalqımız tərəfindən daha çox diqqətlə izlənir və böyük rəğbətlə qarşılanır. Son vaxtlar cəbhə bölgəsində yaranmış vəziyyət, bununla bağlı keçirilən hərbi əməliyyatlar zamanı ordumuzun qazandığı möhtəşəm uğurlar isə bu rəğbəti bir qədər də artırır. Həmçinin qeyd olunmalıdır ki, ölkənin Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun bu uğurların əldə olunması və daha da artırılması zəminində gördüyü tədbirlər, nümayiş etdirdiyi yüksək idarəçilik qabiliyyəti, Vətənə məhəbbət, dövlətçiliyimizə sədaqət prinsiplərinin bütün şəxsi heyətə aşılanması istiqamətində atdığı addımlar da həm ölkə rəhbərliyi, həm də ictimaiyyət tərəfindən birmənalı olaraq yüksək qiymətləndirilir. Qarabağ probleminin, bu problemin kökündə duran əsil həqiqətlərin dünya ictimaiyyətinə, aidiyyatı üzrə beynəlxalq qurumlara olduğu kimi çatdırılması işi də bu gün Müdafiə Nazirliyinin fəaliyyətinin bir hissəsi kimi uğurla həyata keçirilir. Təkcə dünən cənab Zakir Həsənovun Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi cənab Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşü, eləcə də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində NATO-nun Cənubi Qafqaz üzrə Əlaqələndirici Ofisinin rəhbəri cənab Vilyam Lahu üçün “Aprelin 1-dən 7-dək qoşunların təmas xəttində yerləşən Azərbaycanın yaşayış məntəqələrinə və vətəndaşlarına qarşı erməni bölmələrinin təxribat fəaliyyətləri”nə dair keçirilmiş brifinq nazirliyin gərgin rejimdə fəaliyyətinin daha bir göstəricisi ola bilər.

Əlbəttə ki, bütün bu deyilənlərin fonunda Müdafiə Nazirliyinin ayrılıqda götürülmüş hər hansı bir kiçik çinli əməkdaşına qarşı müəyyən ittihamlarla çıxış etmək bizim özümüz üçün də son dərəcə arzuolunmazdır. Lakin fakt faktlığında qalır. Və əgər bir vətəndaş redaksiyamıza konkret şikayət ərizəsilə müraciət edirsə, onun şikayətini də dəqiq ünvanına çatdırmaq bizim peşə borcumuzdur. Dünən “Bizim Dövr”ün redaksiyasına müraciət etmiş Abşeron rayonu, Masazır qəsəbəsi Q.Qarayev 36 ünvanında yaşayan vətəndaş Məmmədov Abbasqulu Məhəmməd oğlu isə, öz ərizəsini birbaşa Müdafiə naziri cənab Zakir Həsənova ünvanlamışdır. Abbasqulu Məmmədov nazirliyin Maliyyə İdarəsinin əməkdaşı olan Rəfail Xələfovdan şikayətçidir. İddiaya görə, bu məmurun qardaşı Rəfailin adıyla müəyyən bəhanələrlə Abbasqulu Məmmədovdan külli-miqdarda borc pul alıb və indi də aldığı vəsaiti geri qaytarmır. Bu barədə ərizədə deyilir:

“Çox hörmətli general-polkovnik Zakir Həsənov!

Sizin işinizin olduqca çətin, kənar məsələlərə ayırmaq üçün vaxtınızın isə olduqca az olduğu bir məqamda Sizə müraciət etdiyimə görə məni üzürlü hesab edin. Lakin, hazırda ailəmin olduqca çıxılmaz bir vəziyyətə düşməsi səbəbindən bu addımı atmağa məcbur oldum. Bildirmək istəyirəm ki, bir müddət əvvəl Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin əməkdaşı Xələfov Rəfail Hafiz oğlunun adından, onun qardaşı Qorxmaz Xələfov mənim mənzilimə gələrək, Cəlilabadda günəbaxan tumu fabrikində Rəfailin kommersiya işi qurması adı ilə, məndən, daha dəqiq desəm həyat yoldaşımdan 45 min manat məbləğində borc pul almışdır. Bu zaman Qorxmaz qardaşı Rəfailin daha imkanlı olmasını bildirmiş və qısa müddətdə pulu qaytaracağına bizi əmin etmişdi. Həmin pulu isə, mən evimizi “Dəmirbank”a girov qoyaraq kredit kimi götürmüşəm. Artıq xeyli müddət keçməsinə baxmayaraq, Xələfovlar hələ də bizim pulumuzu qaytarmırlar. İndi isə, “Dəmirbank” bizi məhkəməyə vermiş və artıq evimiz də əlimizdən alınmaq üzrədir. Bunu da qeyd edim ki, sonradan əldə etdiyim məlumata görə, bizdən alınan pul heç bir kommersiya işinə məsrəf olunmayıb. Mənə məlum olub ki, bu məbləğ Rəfail Xələfovun özü üçün Novxanı qəsəbəsində 146 min manata yeni aldığı villanın pulunu ödəmək üçün tələb olunan məbləğin çatışmayan hissəsini tamamlamaq üçün lazım olub. Biz indi çox çıxılmaz vəziyyətdə qalmışıq. Siz Vətənin müdafiəsi ilə məşğul olduğunuz bir vaxtda, rəhbərlik etdiyiniz nazirliyin əməkdaşı da belə yaramaz işlərlə məşğuldur. Sizdən xahiş edirəm ki, bizdən Rəfail Xələfovun adı ilə alınan 45 min manat borc pulun qaytarılmasına köməklik göstərəsiniz. Əvvəlcədən Sizə öz təşəkkürümü bildirirəm”.

Mövzuya qayıdacağıq və məqalədə adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.