Tovuz icra başçısından şəhid ruhuna və xalqa sayğısızlıq
19-04-2016, 01:05
Aprel ayının əvvəllərində Qarabağ savaşı bütövlükdə Azərbaycan cəmiyyətini sınağa çəkmiş oldu. Yaşından, cinsindən və ictimai mövqeyindən asılı olmayaraq hər kəz Azərbaycan ordusunun döyüş ruhuna kökləndi. Düşmənə gərəkən güc göstərildikdən sonra isə qürurla bir millət halında şəhidlərimizin dəfnində bütün dünyaya “Topraq uğrunda ölən varsa vətəndir” həqiqətini göstərdik. Bir sözlə bu günlər bütövlükdə Azərbaycan üçün və həm də hər bir fərd üçün sınaq dönəmi oldu. İnsafən bildirək ki, bu prosesdə iqtidarlı müxalifətli hər kəs öz vətənpərvərliyini göstərdi. Hər zaman medianın tənqidinə tuş gələn məmurlar xalqla birgə oldu, hakimiyyətlə barışmaz olan siyasi qüvvələr belə düşmənə qarşı bütün ambisiyalarından geri durduqlarını göstərdi. Ancaq təəssüflər olsun ki, bu prosesdə də mənfi anlamda fəqlənənlər oldu.
Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovla bağlı cumhuriyyet.az olaraq rastlaşdığımız məlumat ən yüngül halda təəssüf hissi doğurur. Vətən torpaqları uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən şəhidlərimizin biri də aprel ayında Tovuz rayonuna gətirilib. Tovuz rayon Bayramlı kəndindən hərbi xidmətə çağrılan şəhid əsgərimiz Cəfərov Mirsalam Təvəkkül oğlu doğulduğu kənddə dəfn edilib. Maraqlı olay isə aprelin 13-də şəhidin 3 mərasimində yaşanıb. Belə ki, cumhuriyyet.az olaraq facebook sosial şəbəkəsində yayılan məlumata istinadən (məlumatın surəti aşağıda təqdim olunur-red.) bildiririk ki, yas mərasimində zahiri görkəminə görə bir birindən fərqlənən iki çadır qurulub. Bir çadırda kənd camaatı və kənardan başsağlığına gələnlər əyləşib. Nisbətən fərqli çadır isə sən demə icra başçısı üçün nəzərdə tutulubmuş. Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov öz əsabələri ilə ayrıca bu çadırda oturub və gedib. Başçının bu hərəkəti heç şübhəsiz kənd camaatına da xoş gəlməyib və onun gedişi zamanı qarşılıqlı “hörmət” göstərilib.
Biz sosial şəbəkədə yayılan bu məlumatın həqiqəti nə qədər əks etdirdiyini deyə bilmərik, amma cumhuriyyet.az olaraq heç cür cavab tapa bilmədiyimiz sual rayon icra hakimiyyətinin rəsmi internet saytında şəhid dəfni ilə bağlı heç bir məlumatın yer almamasıdır.