Cənab nazir,şəhid olan oğlumdan sonra almalı olduğum təqaüdü mənimsəyən məmurlar Sizin tabeçiliyinizdə çalışırlar

19-04-2016, 10:02           

Əmək və Əhalinin Sosial Müdafiə Naziri Cənab Səlim Müslümova

Bərdə rayonu Mustafaağalı kənd sakini, şəhid anası Əsli Muradova tərəfindən

Cənab nazir! Son günlər cəbhədə gedən gərgin döyüşlər şəhid adına həssas münasibəti bir daha ortaya qoydu. Hər bir vətəndaş istər sıravi, istərsə də vəzifə başında olan məmur da daxil olmaqla, hamı əsgərin qanı bahasına qoruduğu vətən torpağında dinc həyatını davam etdirməkdədir.Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində millətin və cəmiyyətin ruhu dirçəldi. Keçirilən bir sıra tədbirlərdə, yürüş -mitinqlərdə ruh yüksəkliyi ifadə olundu. Amma təəssüf ki, millətdən fərqli olaraq, bəzi məmurların ruhunda hansısa dəyişikliklərin baş verdiyini söyləmək olmaz. Heç olmasa son hadisələr onların vicdanına təsir etdimi? Bu suala cavab tapmaq üçün Sizin imkanı və səlahiyyətiniz daha genişdir. Çünki, mənim adıma olan, şəhid olan oğlumdan sonra almalı olduğum təqaüdü mənimsəyən məmurlar Sizin tabeçiliyinizdə çalışırlar.

Cənab nazir! 11.03.2016-cı il tarixində Sizə ünvanladığım məktuba08.04.2016-cı il tarixində Nazirlikdə işləyən rəis müavini Sərdar Xıdırovun adından cavab məktubu aldım. Məktubda Şəhid statusu ilə bağlı rəhbəri olduğunuz nazirliyin mövqeyi ifadə olunub. Tövsiyyə edilib ki, statusla bağlı Hərbi komissarlığa müraciət edin. Mənim adımdan mənimsənilən 11350 manat vəsaitdən isə bircə kəlmə olsun xəbər verilməyib.

Şəhid pulunun yeyilməsi ilə bağlı elektron KİVlərdəyayılan məlumatlardan sonra gözləmək olardı ki, adı çəkilən qurum, ƏƏSM nazirliyi yerdəki məmurunun əməlindən xəbərdar olacaq, mənəvi zərbəyə məruz qalan şəhid anasının durumu ilə maraqlanacaq,tabeçiliyində olan əməkdaşlardan hesab soracaq. Ümid edirdik ki, məsələmiz ƏƏSM nazirliyi, şəxsən Sizin tərəfinizdən nəzarətə götürüləcək, qanunsuzluğa son qoyulacaq. Əslində bu barədə prezidentə ünvanlanan məktubun bir surətinin də Sizin adınıza ünvanlanması həmin ümidin ifadəsi idi.Bu günə qədər məsələ ilə bağlı münasibətinizin bəlli olmamasınagörə təəssüflənirəm. Ən pisidə odur ki, tabeçiliyinizdə olan qurumun adından məsələyə reaksiya bildirən Elman Babayev yerdəkiqurumlarının bir başa müdafiəsinə qalxıb.Onların yalan və böhtandan ibarət mövqeyini müdafiə edib.

Əslində nazirliyin rəsmisi Elman Babayevin ictimaiyyətə verdiyi açıqlama həqiqətdən uzaq, subyektiv fikrin məhsulu,ağbirçək Azərbaycan qadınını belə bir çirkli oyuna alət etmək, Bərdə ƏSMM-nin maliyyə fırıldağını ört basdır etmək istəyidir. Göstərilən rəsmi mövqe ilə bağlı bir daha sübutlarımı nəzərinizə çatdırmaq istəyirəm.

Birincisi, E.Babayev bildirir ki, Əsli Muradovadan şəhid statusu barədə arayış 2014- cü ilin sentyabrında tələb olunub. Ancaq tərəfimdən 2008-ci ilin əvvəlində mənə ayrılan prezident təqaüdünün dayandırılması barədə prezident Cənab İlham Əliyevə müraciət ünvanlanıb.Azərbaycan Respublikasının Hərbi Komissarlığının həmin müraciətin araşdırılması üçün Bərdə rayon Hərbi Komissarlığına verdiyi rəsmi göstəriş bu faktın təsdiqi deməkdir.Deməli şəhid təqaüdünün dayandırılması barədə məlumat 2014-cü ildə yox, 2008-ci ilin əvvəlində bildirilib.

İkincisi,nazirlik rəsmisi polis təhqiqatı nəticəsində 2008-ci ildən sonrada alınan pulların, 11350 manatın mənim tərəfindən alındığının sübuta yetirildiyini bildirir. Ancaq Elman Babayev bilməlidir ki, istinad etdikləri polis qətnaməsi 02.11.2015-ci il tarixdə Bərdə rayon Prokurorluğu tərəfindən qanunsuz elan olunaraq ləğv edilib.

Üçüncüsü, bildirilir ki,Hərbi Komissarlığın verdiyi arayışda Mübariz Muradovun xəstəlikdən dünyasını dəyişdiyi qeyd olunur. Elə isə Elman Babayevdən soruşuram: necə olur ki, hərbi komissarlıq sizə bir məzmunlu arayış verir, mənə başqa məzmunlu? Əslində mənə verilən müraciətə cavabda göstərilir ki, Mübariz Muradov Azərbaycan Respublikasının müdafiəsində Murovdağ bölgəsində xidməti borcunu yerinə yetirərkən həlak olub

Belə olan halda, soruşmaq istəyirəm: Hörmətli nazir! ƏƏSM nazirliyinin reaksiyası nə qədər həqiqətə uyğundur? Faktları təsdiq edən sənədlərdə ortadadır. Mən kimə inanmalıyam: faktlara yoxsa ağ yalan danışan Elman Babayevə? Yaxudda bu yalanı düzüb qoşan, E. Babayevə göndərən Bərdə ƏSMM-nin müdiri Raquf Məmtiyevə? Almadığım şəhid təqaüdünü üzərimə atmaq hansı vicdana yaraşar?! Zənnimcə vicdanı olan hər kim olursa, olsun, vəzifəli ya vəzifəsiz, nazir ya sıravi vətəndaş Şəhid ruhuna göstərilən bu münasibəti bağışlamaz! Sizdən istəyim budur ki, bu məsələni ciddi araşdırasınız. Mənim Şəhid olan oğlumun adının olduğu bir məsələdə iştirak edən məmurların cəzalandırmağı tələb etmək, məncə, bir Şəhid anası kimi, haqqımdır! Haqqımın tapdalanmasına imkan verməyəcəyinizə ümid edirəm!
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az
Cənab nazir,şəhid olan oğlumdan sonra almalı olduğum təqaüdü mənimsəyən məmurlar Sizin tabeçiliyinizdə çalışırlar
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.