Beyləqanın icra başçısı beş mərtəbəli villa tikdirir
20-04-2016, 12:03
Vaqif Abdullayevin var-dövlət toplamaq həvəsi bitib-tükənmir, rayona ayrılan milyonlar bu məmurun şəxsi maraqlarına qurban gedir Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vaqif Abdullayev daha çox şəxsi həyatı və biznesi ilə bağlı gündəmə gələn məmurlardandır.
Beyləqanın və beyləqanlıların durumu çoxlarına bəllidir. Rayonun demək olar ki, bütün kəndləri, küçə və prospektləri baxamsızlıqdan bərbad vəziyyətə düşüb. İş yerlərinin məhdud sayda olması isə rayon camaatının, əsasən gənclərin Bakıya və ətraf rayonlara üz tutmasına gətirib çıxarıb. Söz yox ki, dövlət büdcəsindən mütəmadi olaraq rayonda sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə vəsait ayrılır. Buna baxmayaraq, icra başçısı həmin vəsaitləri təyinatı üzrə xərcləmir, bu azmış kimi rayonda xırda-para abadlıq işlərini sahibkarların öhdəsinə buraxır. Maraqlıdır, bəs indiyə kimi rayona ayrılan milyonlar hara xərclənib?
Gundelik-baku.com-un araşdırmasından sonra aydın olub ki, Vaqif müəllim də bəzi məmurlar kimi villa, var-dövlət həvəskarıdır. Xatırlayırsınızsa, bir müddət əvvəl onun paytaxtın Teymur Əliyev küçəsində «Milyonçular məhəlləsi» deyilən ərazidə qiyməti 20 milyon manata yaxın olan villasının olması haqda xəbər vermişdik.
Əldə etdiyimiz yeni məlumatlara görə, icra başçısının villa sevdası bitib-tükənmək bilmir. Belə ki, rayon rəhbəri hazırda «Vorovski»də beş mərtəbəli malikanə tikdirir. Etibarlı mənbənin bildirdiyinə əsasən, hazırda villanın 3-cü mərtəbəsi ucaldılır və iş bir gün də olsa dayanmır. Burdan belə məlum olur ki, icra başçısı rayona ayrılan büdcə vəsaitlərini sırf öz məqsədləri üçün xərcləyir. Və elə buna görədir ki, Beyləqanın hər bir kəndi, mərkəzi küçələri yaman gündədir. Yaxşı olardı ki, Vaqif Abdullayev villa, haram yolla milyonlar əldə etmək sevdasından vaz keçsin və cənab prezidentin ona tapşırdığı işlərlə məşğul olsun.
Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.
teref.az