Qiymətlər “qaynamağa” başladı: Azərbaycanda şəkər bahalaşacaq?

14-05-2022, 17:58           
Qiymətlər “qaynamağa” başladı: Azərbaycanda şəkər bahalaşacaq?
Qazaxıstan altı ay müddətinə ölkədən xaricə şəkər tədarükünə qadağa tətbiq edib.

Müvafiq əmri ölkənin kənd təsərrüfatı naziri imzalayıb. Onun rəhbəri olduğu nazirliyə müvafiq qadağanın tətbiqi barədə qanunvericiliklə müəyyən olunmuş qaydada Avrasiya iqtisadi komissiyasını məlumatlandırmaq tapşırılıb.

Qadağa əmrin rəsmi olaraq dərc olunduğu tarixdən 10 təqvim günü keçəndən sonra qüvvəyə minəcək. Qeyd edilir ki, Qazaxıstanda istehlak olunan şəkərin 58 %-i xaricdən gətirilir.

Rəsmi statistikaya əsasən, Azərbaycanda şəkərdən ərzaq məhsulu kimi istifadə illik 260-270 min ton təşkil edir. Azərbaycanda şəkər istehsalı 2016-cı ildə pik səviyyəyə - 430 min tona çatıb, 2017-ci ildən kəskin azalaraq 238,2 min tona düşüb.

2020-ci ildə istehsal yenidən artmağa başlayaraq 258 min 434 tona, 2021-ci ildə isə 330 min tona yüksəlib. İdxalımızın 5220,72 tonu Rusiyadan, 4012,29 tonu Ukraynadan, 8059,54 tonu Türkiyədən, 695 tonu Belarusdan olub. 2021-ci ildə Azərbaycan şəkər ixracını da kəskin artırıb.

İxracımızın 6828,3 tonu Qırğızıstana, 1101,53 tonu Rusiyaya, 3456 tonu Tacikistana, 46538,95 tonu Türkmənistana reallaşıb.

Bu ilin yanvar-fevral ayında Azərbaycana 29 028,61 min dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlar idxal olunub. İdxalın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,1% artıb. Hesabat dövründə ölkədən 6 305,58 ton şəkər ixrac edilib ki, bu da 2021-ci ilin yanvar-fevral aylarının göstəricisi ilə müqayisədə 35,3% azdır.

Cari ilin ilk iki ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,07%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,9%-ə bərabər olub. Beləliklə, Azərbaycan şəkər istehsalçısı olmaqla yanaşı həm də idxalçı ölkədir.

Qazaxıstanda şəkər ixracına tətbiq edilən qadağa Azərbayacan bazarına necə təsir edəcək?

İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya bildirdi ki, Azərbaycan Qazaxıstandan o qədər də çox şəkər almır:

"Ancaq müəyyən miqdarda Qazaxıstandan da şəkər tədarük olunur. İxraca qadağanın tətbiqi ümumi idxala o qədər də ciddi təsir etmir. Yaxşı ki, şəkər idxalı şaxələndirilib və müxtəlif ölkələrdən idxal prosesi gedir. Digər sahələrdən idxalı artırmaqla, daxili imkanları genişləndirməklə, digər ölkələrdən belə, şəkər idxalını kompensasiya etmək olar. Azərbaycan lazım olduqda İrandan xammal idxal etməklə şəkər istehsalını artıra bilər. Hesab etmirəm ki, bu məsələyə ciddi təsir edəcək. Ancaq qarşıdakı aylarda şəkərin qiyməti qalxacaq. Artıq indidən qalxmağa başlayıb və qıtlıq müəyyən mənada var. Qazaxıstanın sıradan çıxması ümumilikdə problem deyil, ancaq dünyada şəkərin qiyməti bahalaşıb".

Ekspert deyir ki, yerli istehsalla ölkəni təmin etmək mümkün deyil:

"Azərbaycandakı şəkər zavodu daxili bazarı heç olmasa 50-60 faiz təmin edə bilmir. Ölkədə istehsalı təmin etmək üçün "Azərşəkər" bunu bacarmadı. Ona görə də ölkədə indiki vəziyyət yaranıb və idxaldan asılıyıq. "Azərşəkər"in istehsal gücü indiki istehsal həcmindən 7-8 dəfə çoxdur. Sadəcə olaraq, xammal məsələsi var ki, fermerlərlə dil tapa bilmədilər. Çuğundur istehsalını təşkil edə bilmədilər. Ona görə də zavodun istehsalı aşağı düşdü. İrandan idxal edilən xammalın ümidinə qalıb".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.