Süni dollar ajiotajı: Azərbaycanda bahalaşma gözlənilir?

31-05-2022, 00:05           
Süni dollar ajiotajı:
Bu gün Türkiyədə dollar və avro yenidən bahalaşıb.

Belə ki, həm dollar, həm də avro lirəyə nisbətdə 1 faizdən çox dəyər qazanıb. Bununla da, qardaş ölkədə 1 dollar təxminən 17, 1 avro isə təqribən 18 lirəyə qədər yüksəlib.

Qeyd edək ki, son zamanlarda dollar və avronun dünya bazarında da dəyər qazanması müşahidə olunur. Belə olan halda isə istər-istəməz sual yaranır:

Dünyada dollar və avronun bahalaşması Azərbaycana da öz təsirini göstərə bilər?

Teref.az yazır ki, mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanda Türkiyədən fərqli olaraq inzibati məzənnə rejimidir:

"Türkiyədə məzənnəni birja və bazar müəyyənləşdirir. Oradakı bazar sosial, iqtisadi və siyasi məsələlərə anında reaksiya verir.

Məsələn, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında Qərblə münasibətləri yenidən gərginləşdirə biləcək açıqlamalar oldu. Hətta bu da qardaş ölkədə məzənnəyə təsir göstərən amildir. Çünki Türkiyədəki məzənnə sərbəst şəkildə müəyyənləşdirilir.

Azərbaycanda isə məzənnə inzibati qaydada müəyyənləşir deyə dünyada və qonşu ölkələrdə gedən proseslərin bizə birbaşa təsiri yoxdur. Obrazlı şəkildə ifadə etsək, Azərbaycan manatı kağız neftdir. Hazırda neftin qiyməti isə 120 dollardır. Ona görə də neftin belə bahalı olduğu dövrdə Azərbaycan manatına hər hansısa təhlükələrin olduğunu düşünmürəm. Azərbaycan hökuməti də inzibati qaydada məzənnəni hansısa formada dəyişməyə getməz".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.