Doktorantura namizədləri etiraz edir

14-06-2022, 00:02           
Doktorantura namizədləri etiraz edir
İmtahandakı təşkilati problemlərə görə az bal yığdığını deyən tələbələr keçid balının aşağı salınmasını istəyir.

İyunun 13-də doktorantura imtahanı verən bir qrup şəxs Dövlət İmtahan Mərkəzinin qarşısında aksiya ediblər. Onlar 12 iyunda doktorantura və dissertantura üzrə keçirilən imtahan prosesi, kodlaşdırmadan şikayət ediblər.

12 iyun 2022-ci il tarixində doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanları keçirilib. Doktorantura namizədlərinin sözlərinə görə, İmtahanda ingilis dili fənni üzrə dinləmə mətnlərinin səsləndirmə qurğusundakı ardıcıllıq sual kitabçasındakı dinləmə mətnləri üzrə sualların ardıcıllığı ilə fərqli təqdim olunub.

Şikayətçi Zəminə Məlikova dinləmə materialı üzrə yaşadıqları problemləri belə dilə gətirib: “Dinləmədə səhv o idi ki, bizə birinci mətnin əvəzinə ikinci mətnin dinləməsini verdilər. Belə olanda ajiotaj yarandı, vaxtımız getdi. Bizə əlavə vaxt verilmədi. Vərəqi aldılar əlimizdən, sualları tam yaza bilmədik”.

Şikayətçilərin tələbi ballar hesablananda bu halın nəzərə alınmasıdır “Ya bal salınsın, ya da bizim xeyrimizə hesablansın. Çünki imtahanda da bizə bunu dedilər. İndi DİM açıqlama verir ki, istəyən olsa, “Listening” imtahanına gəlsin. Niyə mən bu stresi yenidən yaşamalıyam?”

DİM bu gün məsələ ilə bağlı məlumat yayıb. Açıqlamada imtahanda dinləmə mətnləri üzrə problem olduğu təsdiqlənib: “Qeyd olunan hal aşkar olunduqdan sonra bu uyğunsuzluq haqqında imtahan iştirakçılarına məlumat verilib və dinləmə mətnləri yenidən səsləndirilərək onlara kitabçada olan uyğun sualların (monoloq üzrə 6-10, dialoq üzrə 1-5) hansılarına bu mətn əsasında cavab vermək lazım olduğu bir daha izah olunub. Həmçinin müəyyən vaxt itkisinə yol verildiyi üçün imtahanın müddəti artırılıb. Yəni bu uyğunsuzluğun yaratdığı anlaşılmazlığı yerində aradan qaldırmaq mümkün olub”.

Məlumatda çətinlik çəkdiklərini iddia edən iştirakçıların müraciəti əsasında DİM tərəfindən yalnız dinləmə bloku üzrə nəticələri ləğv edilərək həmin blok üzrə yenidən imtahan təşkil olunacağı göstərilib: “Bu imtahandan toplanılan bal dinləmə bloku üzrə yekun imtahan nəticəsi kimi əsas götürüləcək”.

Dinləmə bloku imtahanında yenidən iştirak etmək istəyənlər 16 iyun saat 17:00-dək (15 İyun Milli Qurtuluş Günü istisna olmaqla) Dövlət İmtahan Mərkəzinə (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev, 299) ərizə ilə müraciət edə və ya şəxsiyyət vəsiqəsinin və imzalanmış ərizənin skan edilmiş surətini info@dim.gov.az poçtuna yollaya bilərlər.

DİM-dən imtahan tarixi barədə yaxın günlərdə əlavə məlumat veriləcəyini bildiriblər.
toplum tv












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.