“DYP-də yoxlamalar aparılmalı, korrupsiya sxeminə son qoyulmalıdır” – Sabiq deputat

28-06-2022, 16:50           
“DYP-də yoxlamalar aparılmalı, korrupsiya sxeminə son qoyulmalıdır” – Sabiq deputat
Nazim Bəydəmirli: “Dünyanın heç yerində yol polisi idarələri texniki baxış həyata keçirmirlər”

“Azərbaycanda ən çox süründürməçiliyə yol verilən qurum hansıdır” sualı ilə sorğu keçirsələr, heç şübhəsiz ilk yerlərdə Dövlət Gömrük Komitəsi və Baş Dövlət Yol Polisi İdarəsi dayanar. Birinci adını çəkdiyimiz qurum sahibkarların qəniminidirsə, ikinci idarə sürücülərin “qorxulu rüyası”na çevrilib.

Məlumat verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Dövlət Gömrük Komitəsində yoxlamalara başlayıb və nəticədə korrupsiya ittihamı ilə qurumun “Azərterminalkompleks” birliyinin direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilən E.Xəlilovla bərabər digər vəzifəli şəxlərin də saxlanıldığı iddia olunur. Rəsmi məlumat olmasa da, “gömrük əməliyyatı” zamanı digər generalların da saxlanıldığına dair informasiyalar yayılıb.

Qeyd edək ki, “Azərterminalkompleks” Dövlət Gömrük Komitəsinin düşünən beyni hesab olunur və gömrük bəyannamələri məhz bu qurumda tərtib olunur. Eyni zamanda uyğunluq, keyfiyyət və məişət sertifikatları, məhsulların qiymətləri, yol qaimə sənədləri, ödəmə şərtləri də bu birlik tərəfindən təqdim olunur. Hansı ki, ötən il mətbuata müsahibəsi zamanı Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Mənə inhisarçılığa dair bircə fakt göstərin, istefa verim” deyərək, rəhbərlik etdiyi qurumun şəffaf fəaliyyət göstərdiyini bəyan etmişdi.

Əldə etdiyimiz məlumata görə, Dövlət Yol Polisi İdarəsində də ciddi yoxlamalar aparılacaq. Buna səbəb isə qurumun Prezident İlham Əliyev tərəfindən elan olunan islahatlar kursuna uyğun fəaliyyət göstərməməsi, hökumət-vətəndaş münasibətlərinə xələl gətirməsidir. Hətta Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun təqaüdə göndəriləcəyi, rəhbərlik etdiyi idarədə kadr islahatlarının aparılacağı da söylənilənlər arasındadır.

Milli Məclisin sabiq deputatı, iqtisadçı alim Nazim Bəydəmirli Hokm.az-a açıqlamasında bildirib ki, yol polisi sistemində islahatlar qaçılmazdır: “Əksər ölkələrdə, Rusiya və Gürcüstanda dövlət tərəfindən texniki baxış deyilən anlayış yoxdur. Yəni, bu sənədlərin verilməsi dövlətin inhisarında deyil. Özəl şirkətlər bu işi həyata keçirirlər. Bizdə isə hələ də texniki baxışın keçirilməsi Dövlət Yol Polisi İdarəsinin nəzarətində və balansındadır. Onlar maraqlı deyirlər ki, hansısa özəl şirkət bunu həyata keçirsin. Çünki kifayət qədər gəlirli sahədir və özləri qazanmağa çalışırlar. Hər kəsə məlumdur ki, texniki baxış zamanı avtomobillərə heç bir baxış keçirilmir. Müəyyən sövdələşmələr əsasında sürücülər avtomobilini tərpətmədən çox asanlıqla texniki baxış sənədini əldə edə bilirlər. Eyni zamanda bir çox hallarda yol hərəkəti qaydalarından anlayışı olmayan şəxslər maddi maraq qarşılıığında sürücülük vəsiqəsi əldə edirlər. Daha bir problem isə regionçuluq amili ilə bağlıdır. DYP sistemində yerlibazlıq hökm sürür və bir çox hallarda dərin biliklərə malik olmayan, korrupsioner məmurlar yüksək vəzifələrə irəli çəkilirlər”.

Bəydəmirli əlavə edir ki, Dövlət Gömrük Komitəsində olduğu kimi, Dövlət Yol Polisi İdarəsində də yoxlamalara başlanmalıdır: “Əgər biz doğrudan da şəffaf bir cəmiyyət qurmaq istəyiriksə, idarəetmədə rüşvətxorluğa, korrupsiyaya, yerlibazlığa son qoymalıyıq. Bunun üçün təcili islahatlara başlamalıyıq və bu sırada ilk üz tutulan ünvanlardan biri Dövlət Yol Polisi İdarəsi olmalıdır. Təcili olaraq DYP-də yoxlamalar aparılmalı, korrupsiya sxeminə son qoyulmalıdır” – deyə müsahibimiz fikrini yekunlaşdırır.



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.