Azərbaycanda ev və ofislərə cərimə yazılacaq: Əgər…

4-07-2022, 16:25           
Azərbaycanda ev və ofislərə cərimə yazılacaq: Əgər…
Azərbaycanda mövcud sığorta sisteminin inkişaf etmiş ölkələrlə müayisədə hələ də lazımi səviyyəyə çatmadığı bildirilir.

Bu problem daha çox könüllü sığortada özünü göstərir. Ümumilikdə isə ölkədə sığorta sisteminin istənilən səviyyədə olmaması əhalinin maarifçiliyinin zəif olması, eləcə də sığorta qurumlarına inamın olmaması ilə əlaqələdirilir.
Ölkədə zəif inkişaf edən sahələrdən biri kimi daşınmaz əmlak sığortası göstərilir. Hələ bir neçə il öncə daşınmaz əmlakını sığorta etdirməyən şəxslərin cərimə ediləcəyi bildirilirdi. Artıq bu mexanizmin tətbiqindən müəyyən müddət keçib. Hazırda daşınmaz əmlakın sığortası ilə bağlı məsələ yenidən gündəmə glib.

Bəs ötən dövr ərzində bu sahədə dəyişiklik müşahidə edilibmi?

Azərbaycan Sığortaçılar Assosiasiyasından Cebhe.info-ya bildirdilər ki, daşınmaz əmlak sığortası ölkəmizdə 2011-ci ildən etibarən icbari olaraq tətbiq edilir:

“Bu sığorta növü üzrə proseslər yenə 2011-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının "İcbari sığortalar haqqında" Qanunu ilə tənzimlənir. Növ üzrə sığortalanmayanlara şamil edilən cərimələr də həmin müddətdən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə görə, daşınmaz əmlakını icbari qaydada sığorta etdirməyən fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə ilə 200 manat məbləğində cərimələr müəyyən olunub. Lakin buna baxmayaraq, Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq istəyimiz ondan ibarətdir ki, vətəndaşlar bu sığorta növünün mahiyyətini qəbul edərək, özəlliklərini və üstünlüklərini dərk edərək öz əmlaklarını sığortalasınlar. Çünki gözlənilməz hadisələr qaçılmazdır. Hadisələrin yaradacağı zərərlərin isə ortadan qaldırılması istiqamətində ən uğurlu vasitə isə məhz sığortadır. Dünyəvi yanaşma da göstərir ki, sığorta risklərin idarə edilməsində ən uğurlu müdafiə mexanizmidir”.

Assosiasiyadan o da bildirilib ki, daşınmaz əmlak sahibi olan vətəndaşların və biznes subyektlərinin bu icbari sığorta növünə könüllü olaraq müraciətini təmin etmək üçün, ələlxüsus indiki zamanda geniş əhali kütləsində bu sığorta növü ilə bağlı məlumatlılığı təmin etmək məqsədi ilə ölkə səviyyəsində geniş maarifləndirmə işləri və qarşısıalınma tədbirləri ilə bağlı təbliğat aparılır:

“Bu maarifləndirmə tədbirləri Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında hələ 2020-ci ildə imzalanmış, sığorta savadlılığının artırılmasını hədəfləyən memorandum çərçivəsində həyata keçirilir. Maarifləndirmə layihəsinə 2021-ci ildən start verilib. Çox sevindirici haldır ki, bu birgə layihə ötən ilin nəticələrində də özünü göstərdi. Belə ki, 2021-ci ilin ümumi sığorta icmalına görə, daşınmaz əmlakın icbari sığortası üzrə sığortaolunanların sayı artdı və bu növ üzrə yığımlar 37%-ə yaxın çoxaldı. Analoji artım cari ildə də davam edir. Belə ki, yanvar-may aylarına olan sığorta hesabatına görə, daşınmaz əmlakın icbari sığortası növü üzrə yığımlar 2.3 milyon manat artıb. Daha bir sevindirici hal ondan ibarətdir ki, aparılan qarşısıalınmaz tədbirlərinin uğurlu nəticəsidir ki, sığortalanmış daşınmaz əmlaklarda baş verən bədbəxt hadisələrin sayında azalmalar qeydə alınır və bu da öz növbəsində ödənişlərə təsir edir. İstər Assosiasiya, istərsə də maarifləndirmə layihəsində iştirak edən Birlik olaraq bizim başlıca hədəfimiz sığortalanmamış daşınmaz əmlakların da sığortaya cəlb olunmasıdır”.

Nigar Abdullayeva












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.