Səlim Müslümovun adamı da belə pul qazanır - İTTİHAM VAR
12-05-2016, 16:26
Redaksiyamıza yeni daxil olmuş məlumatlarda Salyan rayon Statistika İdarəsinin müdiri Nicat Əsgərovun fəaliyyətində müşahidə olunan bir sıra ciddi nöqsanlardan, bəzi hallarda isə, aşkar qanun pozuntularından bəhs edilir. Bəri başdan qeyd edək ki, əslində bu məmurun adı bizə onun hələ Salyan rayonunda Əhalinin Sosial Müdafiə Mərkəzinə rəhbərlik etdiyi vaxtlardan kifayət qədər yaxlndan tanışdır. Belə ki, ƏSMM direktoru postunda da Nicat Əsgərovun fəaliyyəti mütəmadi olaraq müxtəlif qanun pozuntuları ilə müşahidə olunur, bu isə öz növbəsində, vətəndaşların bir çox instansiyalara, o cümlədən kütləvi informasiya vasitələrinə şikayət ərizələri ünvanlamalarına səbəb olurdu. Belə ki, həmin vaxtlarda bizimdovr.az-a təqdim olunan açıqlamalarda bildirilirdi ki, Salyan ƏSMM-nin yarıtmaz fəaliyyəti, mərkəzin direktoru Nicat Əsgərovun öz işində yol verdiyi ciddi qanun pozuntuları vətəndaşların kütləvi şəkildə hüquqlarının pozulmasına yol açır. Xüsusi olaraq məlumatlarda vurğulanırdı ki, sosial yardım kartlarının ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması üsulu Nicat Əsgərov tərəfindən geniş tətbiq edilir. Məhz bu yolla Salyan ƏSMM-nin direktoru aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərini mənimsəməkdə uzun müddət davam etmişdi. Həmçinin o dövrdə aldığımız məlumatlara görə, korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə tədbirlərindən sığortalanmaq məqsədilə mərkəzin direktoru bəzi əks-tədbirlərə də əl atmalı olmuşdu. Belə ki, əvvəlki vaxtlardan fərqli olaraq, son vaxtlar ƏSMM direktoru özü bilavasitə heç bir maxinsiyanın həyata keçirilməsində iştirak etmirdi. Onun əvəzində bu işləri görən və ən əsası isə qeyri-qanuni pul, rüşvət yığımını həyata keçirən mərkəzin xüsusi seçilmiş bir neçə əməkdaşı idi. Bununla belə, məlumatlarda bildirilirdi ki, məhz Nicat Əsgərov rayonun sosial müdafiə sahəsində baş verən bütün neqativ hallara birbaşa rəhbərlik edir. Yalnız onun göstərişi və təpkisi ilə ƏSMM-nin digər əməkdaşları da qanunsuz əməllərə sövq edilirdilər. Bu xüsusda redaksiyamıza daxil olan açıqlamalarda qeyd olunurdu ki, Salyan ƏSMM-də yoxsul ailələrin vaxtında ünvanlı sosial yardım almasına kağız süründürməçiliyi, bürokratik əngəllər, məmurların rüşvətxorluğu mane olur. Lakin aldığı bütün tədbirlərə baxmayaraq, mərkəzdə keçirilən növbəti yoxlamalardan birində Nicat Əsgərovun seyfində çox sayda sosial yardım kartları aşkar edildi. ƏSMM direktoru məsuliyyətdən yaxasını qurtara bisə də, hər halda tutduğu vəzifədən kənarlaşdırıldı.
Bununla belə, az müddət sonra bu məmur yenidən müxtəlif maxinasiyalar vasitəsilə qeyri-qanuni pullar qazanmaq imkanı əldə edə bildi. Həm də bu imkan Nicat Əsgərova Salyan rayon Statistika İdarəsinin müdiri vəzifəsilə birlikdə verildi. Nəticədə isə, bu gün artıq müxtəlif instansiyalara məhz Salyan rayon Statistika İdarəsinin yarıtmaz fəaliyyətindən bəhs edən açıqlamalar təqdim olunur. O cümlədən, bizimdovr.az-a daxil olan məlumatlarda vurğulanır ki, Nicat Əsgərovun rəhbərlik etdiyi idarənin işi bir çox ciddi qanun pozuntuları ilə müşahidə olunmaqdadır. Bu xüsusda aldığımız açıqlamalardan birində deyilir: “İlk növbədə qeyd etmək lazımdır ki, rayonun illik statistik işlər proqramı tələb olunan şəkildə işlənib komitəyə göndərilmir. Statistik işlər proqramının yerinə yetirilməsinə dair illik hesabatda ciddi nöqsanlar mövcuddur. Rayonda hansı idarə və müəssisənin rəhbəri Nicat Əsgərova yaxındırsa, həmin qurumlarla bağlı müsbət statistika hazırlanır. İdarə müdirinin kiminlə prinsipi, yaxud problemi varsa, həmin müəssisə barədə hesabatlarda qeyri-qənaətbəxş statistika təqdim olunur. Xüsusilə, Nicat Əsgərovun “24 saylı forma” adlı sənədlərin tərtib olunması ilə bağlı maxinasiyaları ciddi araşdırmalar tələb edir...”
İstənilən halda, anlamaq olmur ki, bir dövlət idarəsindən yol verdiyi rüşvətxorluq və digər korrupsiya əməlləri səbəbilə qovulmuş bu məmura, hansı əsasla başqa bir dövlət idarəsinə rəhbərlik etmək həvalə olunub?
Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.