Leyla Əliyeva Aida Mahmudovanın sərgisində - FOTOLAR

14-05-2016, 13:18           
Leyla Əliyeva Aida Mahmudovanın sərgisində - FOTOLAR
YAY Qalereyasında rəssam Aida Mahmudovanın “Umwelt” adlı fərdi sərgisi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.

Dia.az-ın AzərTAc-a istinadən xəbərinə görə, rəsmi şəxslərin, görkəmli mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri sərgidə rəssam Aida Mahmudovanın kətan üzərində qarışıq üslubda işlədiyi “Flower beds”, “Landscape”, “Indigo”, “Rockbed”, “Overgrown”, “The Coral” əsərləri, habelə “The Shard” heykəltəraşlıq nümunəsi yer alıb.

“Umwelt” (alman dilində “mühit” deməkdir) ifadəsi 1909-cu ildə tanınmış bioloq və filosof Yakob fon İksyukl tərəfindən işlədilib. Bu terminlə o, eyni yaşayış mühitində (ekosistemdə) olan müxtəlif canlıların, o cümlədən insanın cürbəcür xarici siqnallara fərqli reaksiya verməsi faktını izah etməyə çalışıb. Belə ki, iti eşitmə və görmə qabiliyyətinə malik canlılar son dərəcə həssas iybilmə duyğusunun, yaxud xarici mühitlə ultrasəs dalğaları və elektrik sahəsinin köməyi ilə qarşılıqlı təmasda olan canlılara nisbətən dünyanı fərqli, özünəməxsus şəkildə qəbul edirlər. Yeni terminin başlıca məqsədi insanları da yaşadığı ətraf aləmin müxtəlifliyini təsvir etməkdir.

Demək olar ki, hər bir insan məhz öz “Umwelt”ində bütöv bəşəriyyəti cəmləşdirdiyi barədə mütləq əminlik hissi yaşayır. Yalnız bir sıra insanlar var ki, müəyyən hüdudların olduğunu və bu hüdudlardan kənarda digər sivilizasiyaların mövcudluğunu dərk edirlər.

Aida Mahmudova 1982-ci ildə Bakıda dünyaya gəlib və burada yaşayıb-yaradır. O, 2006-cı ildə Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin rəngkarlıq fakültəsini bitirib. Bu gün onun əsərləri beynəlxalq səviyyədə sərgilənir. Bu sıradan 56-cı Venesiya Biennalesində Azərbaycan pavilyonunun “Vita Vitale” sərgisini, Romanın MAXXI Muzeyində və 55-ci Venesiya Biennalesində “Love Me, Love Me Not” sərgisini qeyd etmək olar. Rəssamın fərdi sərgiləri 2013-cü ildə “Barbarian Art Gallery” (Sürix), 2015-ci ildə isə Nyu-Yorkda “Leila Heller Gallery” və Bakıda Müasir İncəsənət Muzeyində keçirilib. Aida Mahmudova 2011-ci ildə əsası qoyulan YARAT Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir. YARAT Azərbaycanda müasir incəsənətin ictimaiyyət tərəfindən dərk olunması, milli incəsənətimizin ölkə daxilində və beynəlxalq səviyyədə təbliği ilə məşğuldur.

Aida Mahmudovanın avqustun 13-dək davam edəcək “Umwelt” sərgisinə giriş sərbəstdir.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.