Tanınmış şairin qazi nəvəsi kimləri və nədə ittiham etdi?

21-09-2022, 08:49           
Tanınmış şairin qazi nəvəsi kimləri və nədə ittiham etdi?
Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Könül Cəfərova: “Nazirlik bu məsələni nəzarətə götürüb və araşdırma aparılır”

Qarabağ müharibəsi veteranı, Nüsrət Kəsəmənlinin nəvəsi Cavidan Kəsəmənli Gənc Tamaşaçılar Teatrının rəhbərliyini ittiham edib. “Müharibədən qayıdandan sonra 4-5 ay psixologiyamı toparlamaq üçün çox əziyyətlər çəkdim. O dönəmdə də heç bir yerdə çalışmırdım. Nə öz sahəmdə, nə də digər sahələrdə. Yanvar ayından sonra qərara gəldim ki, öz sahəm üzrə fəaliyyətimi davam etdirim. Mənim ilk müraciət etmək istədiyim teatr Gənc Tamaşaçılar Teatrı oldu. Niyə görə?! Oranın kollektivində tanıdığım dostlarım var idi, onlarla birlikdə çalışmaq istəyirdim. Bu həm mənim psixologiyamın toparlanmağına kömək edəcəkdi, həm də öz işimlə, bitirdiyim ixtisasla məşğul olacaqdım. Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə müharibədə iştirak etsəm də mənə iş verməyib, hərbidən yayınan iki aktyoru işə götürdü”, - deyə o, Maderator.az-a açıqlamasında bildirib.

O deyib ki, direktor onu bir neçə dəfə get-gələ salıb, sonra isə “biz istərdik sizinlə əməkdaşlıq edək, təəssüflər olsun ki, bizdə yer yoxdur, ştatımızda yer olanda özümüz sizə müraciət edəcəyik” deyib. “Onların işə götürdüyü həmin oğlanlar nə təhsil səviyyəsi üzrə məndən üstündürlər, nə də istedad cəhətdən. İkisi də bakalavr bitirmiş, hərbi xidmətdən yayınmış aktyor dostlarımızdır. Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə onları işə götürüb, məni bir bəhanə ilə geri göndərdi. Gənc Tamaşaçılar Teatrı mənim çox qəlbimi qırdı! Mən bilirəm ki, onlar istəsəydilər, bunu edə bilərdilər. Mənim kifayət qədər o teatrda çalışmağa haqqım var axı! Niyə bəhanə edirsiniz?! Ən azından gedib Mədəniyyət Nazirliyinə müraciət edə bilərdiniz, yer olmasaydı belə bir nəfərlik ştat açıb, məni o ştata qəbul edə bilərdiniz! Əgər o müraciət olsaydı, bilirəm ki, məni işlə təmin edəcəkdilər. Yerin olmamağı, sadəcə olaraq, bir bəhanə idi”, - deyə o bildirib.


Naidə İsmayılzadə

Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı aktyoru fakültəsinin həm bakalavr, həm magistr pilləsini bitirmiş C.Kəsəmənlinin istəyi budur ki, bu məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılsın!

Məsələ ilə bağlı “Yeni Müsavat” olaraq barəsində ittihamlar səsləndirilən Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadənin mövqeyini öyrənməyə çalışdıq. Teatr direktoru artıq bu barədə mətbuata danışdığını, başqa bir əlavəsi olmadığını bildirdi. Qeyd edək ki, Naidə İslamzadə Mediapress.az saytına açıqlamasında deyib: “Teatrımızın baş rejissoru var - Mehriban xanım, ona deyərəm görüşər, söhbət edər. Burada heç bir problem yoxdur. Amma bu o demək deyil ki, Cavidan Kəsəmənli sabah hansısa işlə təmin olunacaq. İmkan var, Mehriban xanım yoxlasın, həqiqətənmi çox istedadlı bir uşaqdır və nəsə edə bilərikmi... Bu, teatrdaxili məsələdir. Teatrda direktor tam hökmran deyil, baş resjissorla, kadrlar şöbəsi ilə məsləhətləşir. Azərbaycanda Gənc Tamaşaçılar Teatrı ölkədə yeganə teatr deyil, 26 teatrımız var. Başqa teatrlara da müraciət etmək olar.”

Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Könül Cəfərova isə məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi: “Aktyor Cavidan Kəsəmənli məsələ ilə bağlı bizə müraciət etməsə də, bildirim ki, artıq nazirlik bu məsələni nəzarətə götürüb və araşdırma aparılır. Çox böyük ehtimalla onu teatra işə götürəcəklər”.

Cavidan Kəsəmənli də məsələ ilə bağlı ayrıca olaraq “Yeni Müsavat”a danışıb: “Mən məsələni lap əvvəldən danışmaq istəyirəm. Vətən müharibəsindən döndükdən sonra bir müddət özümə gəlmək, psixoloji vəziyyətimi düzəltmək, tam sağlam şəkildə işə başlamaq üçün istirahət etdim. Daha sonra isə teatrda işləmək, sənətimlə məşğul olmaq qərarına gəldim, buna həm maddi, həm də mənəvi ehtiyacım var idi. Bildiyiniz kimi, mənim bu peşə üzrə magistratura təhsilim də var. Beləliklə, Gənc Tamaşaçılar Teatrına müraciət etdim. Bu teatrı seçməyimin səbəbi ona görə idi ki, teatrın kollektivini tanıyırdım, orada dostlarım, müəllimlərim var. Yəni özümə bu teatrı doğma hiss etdim. Bundan sonrası isə artıq hər kəsə məlumdur. Direktorla görüşdüm, mənə dedi ki, yer yoxdur və bildirdi ki, mənimlə əlaqə saxlayacaqlar. Amma digərlərini işə götürdülər. Halbuki mənim bu sahə üzrə yüksək təhsilim var, üstəlik, Vətən müharibəsi iştirakçısıyam. Əslində istəməzdim ki, bu məsələni ictimailəşdirim. Lakin Mədəniyyət Nazirliyinə də müraciət etmişəm və mənim müraciətimə baxılmadığı üçün ictimailəşdirmək məcburiyyətində qaldım, mənə heç bir variant qoymadılar. Yəni əlində magistr diplomu olan, qazi aktyor üçün bir teatrda yer olmadı? Səbəb nədir? Mənə olan bu münasibət haradan qaynaqlanır, bu məsələ mənim özümə də təəccüblüdür. Məni bir müddətlik pulsuz da olsa işə götürə bilərdilər, amma bunu etmədilər. Bildiyim qədər ölkə Prezidenti həm Mədəniyyət Nazirliyinə, həm də dövlət teatr rəhbərlərinə göstəriş verib ki, Vətən müharibəsi iştirakçıları və qazilərin işlə təmin olunması ilə bağlı köməklik göstərilsin. Yəni mənim üçün teatrda yer olmasa belə, əlavə ştat aça bilərdilər. Amma nədənsə bu cür münasibət bəslədilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.