"Böhran elə bir sahədə olacaq ki, biz heç onu gözləmirik" - Ekspert danışır

23-09-2022, 12:25           
"Böhran elə bir sahədə olacaq ki, biz heç onu gözləmirik" - Ekspert danışır
"Böhran elə bir sahədə olacaq ki, biz heç onu gözləmirik"
2008-ci il qlobal maliyyə böhranını proqnozlaşdırdığı üçün “böhran kahini” adlandırılan məşhur iqtisadçı Nuriel Roubini 2022-ci ilin sonuna qədər ABŞ iqtisadiyyatında və qlobal iqtisadiyyatda "pis və uzunmüddətli" tənəzzül olacağını proqnozlaşdırıb. Roubini ABŞ-da sadə, səthi tənəzzülü proqnozlaşdıranlara şirkətlərin və hökumətlərin yüksək borc nisbətlərinə baxmağı tövsiyə edib. Roubini qeyd edib ki, faiz dərəcələri və borc xidməti xərcləri artdıqca, "bir çox zombi təşkilatları, zombi ailələri, şirkətlər, banklar, kölgə bankları və zombi ölkələri məhv olacaq”.
“Böhran kahininin” belə qorxunc açıqlaması əslində bir çox ölkələri narahat edir. Bu böhran Azərbaycana necə təsir edəcək?

TEREF.AZ-ın məlumatına görə, iqtisadçı alim Emin Qəribli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, böhranı heç bu günə qədər proqnozlaşdıra bilməyib. Hətda belə bir deyim var - “Kim böhranı dəqiq proqnozlaşdıra bilsə, ona Nobel mükafatı düşür”...

“Bunu heç kim edə bilməz. Amma uzun müddətdir danışılır ki, bütün dünyanın problemi borc, borclanma problemidir. Bu borclanma isə, böyük böhranlara gətirib, çıxara bilər. Amma hələ ki, belə böyük bir problem yoxdur. Düzdür, son dövrlərdə müəyyən ressesiyalar müşahidə edilir. Bunun isə, böhran olub-olmadığını bilmək çətindir. Yəni, bu, mümkünsüzdür. Amma hərə öz mülahizələrini yürüdür” - deyə Emin Qəribli qeyd edib.

İqtisadçı qeyd edir ki, bu gün müharibə dövründə geosiyasi vəziyyət yaxşı deyil. Postpandemiya dövrüdür. Bu proseslər isə, iqtisadi vəziyyəti pisləşdirə bilər.

“Hazırda qeyri-stabil bir vəziyyətdir. Bəzi ölkələrdə qida problemləri siqnal verir ki, artıq bu dövrü biz yaşayırıq. Proqnozu verən şəxs, böhranın hansı sahədən başlayacağını da deməlidir. Çox zaman belə olub ki, böhrana daha çox inkişaf etmiş sahələr səbəb olub. Məsələn, 2007-ci ildə ipoteka bazarı ən dinamik inkişaf edən bazar idi. Birdən böhrana səbəb oldu. Biz bu gün borclanma və digər səbəblər deyirik. Amma onun üzərində bəşəriyyət, dövlət başçıları, iqtisadçılar çalışaraq həll edilər. Böhran baş verərsə, elə bir sahədə olacaq ki, biz heç onu gözləmirik”,- deyən alim hesab edir ki, böhran olacaqsa əgər buna geosiyasi gərginlik, ölkələr arasında müşahidə edilən münaqişələr səbəb ola bilər. Bunu isə, hələ heç kim dəqiq bilmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.