Pensiya da könüllü olacaq: Dövlət qazanacaq, yoxsa vətəndaş? - AKTUAL

14-11-2022, 16:42           
Pensiya da könüllü olacaq:
"Azərbaycanda könüllü pensiya seqmenti hazırlanır".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı keçirdikləri birgə iclasda səsləndirilən təkliflərə cavabında deyib.

Onun sözlərinə görə, bu layihə Avropa İttifaqı ilə birlikdə həyata keçirilir.

Nazir bildirib ki, hazırda normativ hüquqi aktlar da aidiyyəti üzrə müzakirə edilir:

“Lakin bir şeyi bilməliyik ki, könüllü pensiya sistemi icbari pensiya sistemini əvəz edən bir şey deyil. Dünyanın hər bir yerində könüllü pensiya sistemi icbari pensiya sisteminə əlavədir. Ona görə də bu sistemin qəbulu əvvəlkinin dayandırılması demək deyil”.

Hazırda vətəndaşlar ölkədə mövcud pensiya sistemi əsasında pensiya alsalar da hazırkı məbləğ onları heç də qane etmir.

Könüllü pensiya sisteminin tətbiqi vətəndaşların bu sahədə problemlərinin həllində hansı rolu oynayacaq?

TEREF.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, dünyada pensiya ilə bir çox formalar var:

“O cümlədən, könüllü pensiya forması var ki, burada vətəndaş gələcəkdə daha çox pensiya almaq üçün özü də əlavə ödəniş edir. Bu gün ölkə vətəndaşlarının əməkhaqqından, qazancından müəyyən haqq çıxılır və DSMF-yə ödənilir. Sonra vətəndaş pensiyaya çıxanda ona geri ödənilir. Bu icbari pensiyadır. Ola bilər ki, vətəndaş daha çox ödəniş etsin və bu halda da təbii ki, pensiyası daha çox olacaq. Xaricdə daha özəl pensiya fondları fəaliyyət göstərir. Bəzi ölkələrdə seçim hüququ var. Yəni vətəndaş istəyirsə, heç dövlət fonduna ödəmir, könüllü olaraq özəl fonda ödəniş edir. Bizdə də bu praktikada yoxdur, prinsipcə özəl fondlar ola bilər.

Sadəcə bizdə nə dərəcədə işləyəcəyini hələ ki, zaman göstərəcək. İnanmıram ki, bizdə imkan olsa belə, vətəndaşlarımız bundan istifadə etsin. Çünki bizdə vətəndaşlarımızın sığortaya o qədər meyilləri yoxdur. Bir məqam da odur ki, vətəndaş niyə “könüllü pensiya” yatırsın? Həmin pulu aparıb banka yatırar. Elə bir mexanizm olmalıdır ki, insanlara sərf etsin. Vəsaitini banka, yoxsa hansısa dövlət qiymətli kağızına qoyar və oradan qazanc əldə edər. Ümumilkdə könüllü pensiya yaxşıdır, ancaq reallıqda bundan istifadə edəcəkləri sual doğurur. Bu elə olmalıdır ki, vətəndaş daha çox qazanc əldə etsin, əks təqdirdə inanmıram ki, kimsə bundan istifadə etsin”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.