10 yaşlı uşağın haqqa gətirilməsi və qeybə çəkilən 140 baş sürü müəmması
15-11-2022, 09:26

İddiaya görə, anasının atası və babası tərəfindən öldürüldüyünü görən 10 yaşlı Zəroşun “haqqa gəlməsi” və anasının intihar etdiyinə dair ifadə verməsi üçün Şərur rayon Prokurorluğunda ona “hikmətamiz” hüquqi məsləhətlər veriblər. Deyiblər ki, sən düzünü desən, atanla baban tutulacaq. Sən dayının və ana babanın ümidinə qalacaqsan. Onlar kasıbdırlar və dayın sənə baxmayacaq. Atanın isə 140 qoyunu var və dayıngildən varlı olduğundan sənə daha yaxşı baxa bilərlər.
Qısası, min dil-ağızdan sonra qızcığazı aldadıb ondan anasının intihar etdiyinə dair ifadə alıb sərbəst buraxıblar. Sonra bilirsinizmi nə olub? Zəroşun atasıgilin 140 qoyunu bir neçə günün içində qeybə çəkilib və qızcığazın ata evi ana evindən daha kasıb vəziyyətə düşüb. Zəroş və qardaşları isə ana babasının və dayısının himayəsinə verilib.
Güman olunur ki, qeybə çəkilən 140 baş sürü satılıb və pulu isə rüşvət kimi Zəroşu “haqqa gətirən” prokurorluq əməkdaşlarına verilib.
Bəs bütün bu eybəcərliklər niyə baş verib? Çünki Vasif “xan” nə vaxtsa yuxusunda bir mələyi görüb və mələk ona Naxçıvanda “0 cinayətli” məmləkət qurmaq tövsiyəsi verib. “Xan” həzrətləri yuxudan oyanıb işə gəldikdən sonra dərhal “Gestapo” Cəlilə bu gündən “0 cinayət” moduna keçdiyini bəyan edib.
“0 cinayət” modu məntiqinə görə, Naxçıvanda qətl hadisəsi baş verə bilməz, bəzi psixi cəhətdən zəif insanlar intihar edə bilərlər. Oğurluq da olmaz, mümkündür ki, mallar itsin və ya qeybə çəkilsin. Rüşvət də mümkün deyil, bu, “xan” həzrətlərinə və onun əyanlarına göstərilən dərin ehtiramın pula çevrilmiş formasıdır. Necə ki, Zəroşun atasıgilin 140 baş sürüsü bu dərin ehtiramın qurbanı olub.
Şəkk edirsiniz? Bəs o zaman siz özünüz niyə hər Qurban bayramında qoyun-quzu, mal-qara kəsib Allaha dərin ehtiramınızı nümayiş etdirirsiniz?
Heydər Oğuz
Teref.az