Belə əcaib parklanma qaydasını ancaq Bakıda görərsiniz..

16-12-2022, 11:39           
Belə əcaib parklanma qaydasını ancaq Bakıda görərsiniz..
Elxan Əliyev: “Parklanma qiyməti də əhali üçün əlçatan olmalıdır”

“Tariflər müəyyən edilənədək parklanma ödənişsizdir”. Bakı şəhərinin bir çox küçələrində yerləşdirilmiş lövhələrdə bu qeyd edilsə də, elə həmin yerlərdə maşın saxlayanlardan “parkovşik”lərin pul aldığını görürük. Hətta bu mövzu ilə bağlı zamanla sosial şəbəkə platformalarında, eləcə də mediada həmin nəzarətçilərlə ödəniş etməkdən imtina edən sürücülər arasında davaların da şahidi oluruq.

Vətəndaşları ən çox düşündürən sual isə odur ki, tariflərin müəyyən edilməsi niyə gecikir və problem nə zaman həll ediləcək?

“Tariflər müəyyən olunana qədər küçədə, parklanma yerlərində nəqliyyat vasitələrini park edən sürücülərdən kimlərinsə vəsait alması qanunsuz bir haldır”
Sosial sahə üzrə ekspert Elxan Əliyev qeyd etdi ki, dünyada parklanma məsələlərinə bələdiyyələr nəzarət edir. Azərbaycanda bələdiyyə institutu fəaliyyətsiz olduğundan, bu sahədə xaos hökm sürür: “Parklanma qiyməti də əhali üçün əlçatan olmalıdır. Parklanma tarifləri müəyyən edilərkən insanların orta aylıq əməkhaqqı, gəlir səviyyəsi nəzərə alınmalıdır. Tariflər vaxta görə də müəyyən edilməlidir. 15 dəqiqə saxlayana ümumiyyətlə rüsum tətbiq edilməməlidir. Tariflər elə həddə olmalıdır ki, insanlar qanunsuz yerlərdə maşın saxlamağa meyl etməsinlər. Həmçinin zonalar üzrə tariflər fərqli olmalıdır. Şəhərin girişində böyük parklanma yerləri olmalıdır ki, şəhərdə sıxlıq azalsın”.

Ekspert onu da əlavə etdi ki, tariflər müəyyən olunana qədər küçədə, parklanma yerlərində nəqliyyat vasitələrini park edən sürücülərdən kimlərinsə vəsait alması qanunsuz bir haldır. Parklanma yerlərinin sayı artırılmalıdır: “Cənab prezident də çıxışlarında qeyd edib ki, əvvəlcə şərait yaradılmalıdır. İnsanları çox sıxmaq, cərimə etmək düzgün deyil. Sürücülərin rahatlığı, hərəkətin təhlükəsizliyini fikirləşən yoxdur.

Qanunsuz parklanma ilə məşğul olanlarla bağlı aidiyyəti dövlət qurumları ətraflı araşdırma aparıb bütün açıq suallara nöqtə qoymalıdır. Bu məsələlərə aydınlıq gətirilməlidir. Şəxsən hər bir Azərbaycan vətəndaşı üçün utanc gətirən hal ondan ibarətdir ki, maşını ya bir marketin, ya bir ticarət mərkəzinin qarşısında, yaxud yol kənarında saxlayırsan, bir də görürsən ki, əyni jiletli bir nəfər başının üstünü kəsdirir ki, pul ver. Söhbət 1 manatdan getmir. Gündə N sayda toplanan 1 manatların kimin cibinə getdiyinin hesabatı verilmir”.

Günel CƏLİLOVA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.