Artımın özü yox, xəbəri belə bazarı bahalaşdırır - Maaş və pensiya artdı
6-01-2023, 16:38

Əhalinin minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.
Eləcə də Nazirlər Kabineti 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini ölkə başçısına təqdim etməlidir.
Qeyd edək ki, əməkhaqqının artımı hər bir ölkə vətəndaşının gözlədiyi xəbərdir. Yəni əhali səbirsizliklə nə zaman əməkhaqqının artacağını gözləyir ki, buna da əsas səbəb bu gün ölkədə mövcud qiymətlərin onların maaşları ilə qeyri-mütənasib olmasıdır. Belə ki, indiyədək ölkədə minimum əməkhaqqı 300 manat təşkil edirdi ki, bu da bahalaşma şəraitində əhalinin dolanışığı üçün problemlər yaradır. Bahalaşma səngimək bilmir, əksinə vətəndaşlar hər gün bunu hiss edirlər. Bununla yanaşı, belə bir fikirlər də səslənir ki, əməkhaqqında artım növbəti bahalaşmaya gətirib çıxaracaq.
Doğrudanmı əməkhaqqı artımı bazar qiymətlərinə yenə təsir edəcək, süni qiymət artımının qarşını almaq üçün hansı addımlar atılmalıdır?
TEREF.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, Azərbaycanda belə bir pis “ənənə” var:
“Hətta maaş və təqaüdlərin artacağı ilə bağlı xəbər belə, qiymətlərin artımını tətikləyən ünsürə çevrilir. Bu, həmişə belə olub. Təəssüf ki, illərdir bunu müşahidə edirik. Nəticə etibarilə son zamanlar qiymət artımının sürətli güclənməsinin də şahidi oluruq. Bunun səbəblərindən biri də məhz bu xəbərlərdir ki, maaş və təqaüdlər artacaq. Təxminən 700 milyon manata yaxın təqaüdlərin indeksləşməsi, ümumilikdə vəsaitin artırılması düşünülür. Keçən ilə nisbətən bu il 2023-cü ildə ödəniləcək təqaüd məbləği 700 milyon manat artacaq. Bu xəbərlərin özü belə, qiymət artımı üçün səbəbə çevrilir. Ancaq bu, süni qiymət artımı deyil. Azərbaycanda süni qiymət artımı varsa, bu, o deməkdir ki, bazar iqtisadiyyatı, rəqabətli mühit yoxdur. Süni qiymət artımı topdansatış müəssisələrində mümkündür.
Ölkəyə mal gətirən bir neçə şirkətin fəaliyyətində mümkündür. Pərakəndə satışda süni qiymət artımı mümkün deyil. Yəni 10 milyonlarla mağaza varsa, hamısı bir-biri ilə danışa bilməz. Deməli, onlara mal verənlərin problemi var. Onlar qiymətin yuxarı çəkilməsində rol oynayırlar. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti təəssüf ki, çox zaman pərakəndə satışla “məşğul olur”, nəinki topdansatışla. Pərakəndə satışda fəaliyyət göstərən hansısa iş adamlarını cəzalandırmaqla işlərini bitmiş hesab edirlər. Bu da nə məntiqə, nə də qanuna uyğundur.
Pərakəndə satışda antiinhisarçılıq mümkün deyil. Ona görə də bu məsələdə topdansatış müəssisələri, ölkəyə mal gətirən iri şirkətlərin monitorinqinin aparılması daha məntiqli və doğru olar ki, onların qiymət sövdələşməsinə gedilib-gedilmədiyi ortaya çıxsın”.