"Kartınızdan komissiya haqqı tutulmaya da bilər" - DETALLAR
5-03-2023, 09:29

Məlum olduğu kimi, bu ilin fevralın 1-dən etibarən fiziki şəxslərin əmanəti üzrə ödənilən faiz gəlirlərindən vergi tutulur. Son günlər isə bank kartlarındakı hesablardan vergi tutulması ilə bağlı fikirlər səsləndirilir. Maraqlıdır, bank kartlarından vergi hansı halda tutulur? Bankların öz bankomatlarından pul çıxarışı zamanı 1% tutulması nə ilə bağlıdır?
Teref.Az xəbər verir ki, Konkret.Az mövzunu iqtisadçı-ekspert Xalid Kərimli ilə araşdırıb. O bildirib ki, “Vergi Məcəlləsinə əsasən, 2016-cı ildən 7 illik müddətinə faiz gəlirlərindən vergi tutulmaması üzrə güzəşt tətbiq olunmuşdu. Səbəb isə 2016-cı ildə manatın dəyərdən düşməsi və ciddi maliyə problemlərinin olması idi. Nəticə olaraq, dövlət faiz gəlirlərindən vergi tutulmasını müvəqqəti məhdudlaşdırmışdı. Cari ilin fevralın 1-dən isə bu güzəştlərin müddəti bitdi.
Hazırkı vergi rejimi necədir? Burada şəxsin hesabındakı əsas məbləğdən yox, qazanılmış faiz gəlirlərindən 10% vergi tutulması nəzərdə tutulur. Şəxsin bir neçə yerdən faiz gəliri ola bilər. Belə ki, şəxsin açdığı depozit hesabından faiz hesablanır və həmin faizdən 10% vergi tutulur.
Çox geniş yayılan bir hal da var. Banklar insanları kartda pul saxlamağa cəlb etmək üçün müxtəlif faizlər tətbiq edirlər. Bu faizlər müddətsiz olur. Yəni insanın hesab qalığına uyğun olaraq, gəlir hesablanır”. Ekspert əlavə edib ki, pulu nağdlaşdırarkən komissiyanın tətbiq edilib-edilməməsi bankların öz siyasətindən asılıdır:
“Belə ki, banklar pulun nağdlaşdırılmasına görə Mərkəzi Banka ödəniş edirlər. Müxtəlif bank kartlarına köçürmələrdən, hətta bankın öz bankomatından pul çıxarışı zamanı da komissiya tutula bilər. Ona görə də vətəndaşlar cari hesab müqavilələri bağlayarkən hansı halda faiz tutulması məsələsinə diqqət etməlidirlər. Bu münasibətlər müqavilə ilə tənzimlənir və qanun pozuntusu deyil”.