Kreditlə toylar qadağan olunacaq?
12-06-2016, 10:40
Azərbaycanda toy məclislərinin keçirilməsi qaydaları ilə bağlı Milli Məclisdə qanun layihəsinin hazırlanması barədə təkliflər səsləndirilsə də, məsələ hələ də öz həllini tapmayıb. Təbii ki, bütün vətəndaşlar üçün qəbul edilən, daha doğrusu, bütün vətəndaşları məmnun salacaq qaydaların müəyyən edilməsi çox çətin, bəlkə də mümkünsüzdür.
Məsələyə münasibət bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə Trend-ə toy məclislərinin qanunla tənzimlənməsinin tərəfdarı olmadığını bildirib: "Toy şənliklərinin qanunla tənzimlənməsinin tərəfdarı deyiləm, bu, insanların arzusudur. Amma deyim ki, toy məclislərində ifratçılıq da var. Bir çoxları banklardan kredit götürür və düşünür ki, toya gələnlər bu xərci ödəyəcək. Sonra pulu yığa bilmir və uzun müddət kredit ödəmək məcburiyyətində qalır. Toy sahibi bunları əvvəlcədən düşünməlidir. Toy sahibi düşünməməlidir ki, "kim mənə nə gətirə bilər?" Hər kəs gücü çatan toyu etməlidir, kredit hesabına yox. Yenə deyirəm, toya qayda-qanun qoymaq olmaz, bu baxır insanın öz ağlına".
Toylarda musiqi səsinin həddən artıq yüksək olmasına toxunan A.Əlizadə bunu müğənnilərin və musiqiçilərin istedadlı olmaması ilə əlaqələndirib: "Toylarda həddən artıq səs ona görədir ki, bir çox müğənnilərin, musiqiçilərin istedadı yoxdur. Səs nə qədər güclü olursa, müğənninin, musiqiçinin qeyri-peşəkarlığı bir o qədər az hiss olunur. Ona görə də bu məsələlərə toy sahibi özü nəzarət etməlidir. Eyni zamanda toya gələn müğənnilərin və musiqiçilərin aldıqları qonorar həddən artıq çoxdur. Bu, toya gedən bəzi müğənnilərimizin telekanallarda bir-biri ilə bəhsə girməyinə gətirib çıxarır: "Mənim evim bu cürdür, sənin maşının bu cürdür" və s.".
Məsələyə münasibət bildirən Türkiyənin Üsküdar Universitetinin Sosiologiya fakültəsinin rəhbəri, sosiologiya elmləri doktoru Əbülfəz Süleymanlı isə toy məclislərinin qanunla tənzimlənməsinin zəruri olduğunu hesab edir.
Ə.Süleymanlı Trend-ə bildirib ki, son dövrlər heç kimə sirr deyil ki, Azərbaycanda toy məclisləri əhalini maddi cəhətdən ciddi problemlərlə üz-üzə qoyur: "Hətta iş o səviyyəyə gəlib çatıb ki, əvvəllər xalq arasında "el şənliyi" kimi bilinən bu məclislər şənlik havasından çıxaraq sözün həqiqi mənasında əzab-əziyyətə çevrilib. Bu vəziyyətə ən çox şadlıq evlərindəki qiymətlər səbəb olur. Bu qiymətlərə görə həm məclis sahibi, həm də qonaqlar maddi çətinliklərlə üzləşirlər. Buna görə də əvvəllər toydan əldə olunan gəlirlə yeni cütlüklərin cehiz, avtomobil, hətta mənzil kimi ehtiyaclarının qarşılanması mümkün olurdusa, indi yalnız restoran və müğənni xərclərini ödəmək mümkün olur. Daha əvvəl ölkə əhalisi arasında bu mövzuda apardığımız sosioloji aradırmanın nəticələrinə görə də respondentlərin əhəmiyyətli hissəsi toyların onlara həm maddi, həm də mənəvi cəhətdən sıxıntı verdiyini qeyd edib və toyların sadələşdirilməsini təklif ediblər. Lakin bütün bu tənqidlərə, təhlillərə və bu sahədə aparılan tədqiqatlara baxmayaraq, toyların sadələşdirilməsi və həqiqi mənada hamının zövq alacağı bir el şənliyi ab-havasında keçirilməsi istiqamətində heç bir dəyişiklik olmadığı görülür. Yenə də əhalinin böyük hissəsi üçün toylar ailə büdcəsini sarsıdan əsas xərclərdən biri olmaqda qalır".
Sosioloq vurğulayıb ki, son dövrlər əhalinin gəlirlərinin azalması bu məsələyə daha ciddi üsullarla yanaşmanı və qanunla tənzimlənməni zəruri edir: "Bu mənada Tacikistanın toylarla bağlı qəbul etdiyi qanun və bu qanunun tətbiq olunmasından əldə etdiyi nəticələr nümunə ola bilər. Belə ki, məlumatlara görə, Tacikistanda "Ənənələr, şənliklər və mərasimlərin tənzimlənməsi haqqında" qanunun qəbul edilməsindən sonra bu sahədə müsbət dəyişikliklər qeydə alınıb. Qanuna əsasən, toyda, yasda və digər mərasimlərdə qonaqların sayına limit təyin edilib. Bizdə də oxşar praktikadan istifadə etməklə müsbət dəyişikliklər əldə etmək olar. Təəssüf ki, bəzi hallarda hətta adət-ənənəni qanunla tənzimləmək zərurəti meydana çıxır".