Beynəlxalq Bank 500 milyonu haradan tapacaq?
13-06-2016, 10:05
Öz aktivlərini sağlamlaşdırmağa çalışan bank Irana iri layihə ilə bağlı kredit verəcək
Ekspertə görə, hökumət iri maliyyə vəsaitlərini səmərəli istiqamətlərə yönəldə bilmir
Iran və Azərbaycan Beynəlxalq Bankı Rəşt-Astara dəmir yolu sahəsinin tikintisi üçün 500 milyon dollar həcmində kreditin ayrılması üzrə razılığa gəliblər. Bunu Iranın yol və şəhər tikintisi nazirinin müavini Əli Nurzad bildirib. Onun sözlərinə görə, hazırda tərəflər kreditin əlavə şərtlərini müzakirə edirlər.
Rəşt-Astara dəmir yolu sahəsinin tikintisinin dəyəri təqribən 1,1 milyard dollar təşkil edir. Iran bunun yarısını Azərbaycan Beynəlxalq Bankının krediti hesabına cəlb edir.
Nazir müavini Iranın qalan vəsaiti hansı mənbədən əldə etməyi planlaşdırdığını dəqiqləşdirməyib.
Layihənin reallaşması ilə bağlı xeyli suallar yaranır. Hazırda Benyəlxalq Bankın toksit kapitalının sağlamlaşdırılmasına çalışan hökumət Iran tərəfin kredit ayırır. Birinci onu vurğulamaq yerinə düşər ki, öz vəziyyəti kifayət qədər ağır olan bankın belə bir iri layihəyə imza atması nə dərəcədə məntiqlidir. Yəqin ki, veriləcək kreditlə bağlı da xeyli güzəştlər tətbiq ediləcək.
Digər bir tərəfdən Iranın özünün maliyyə durumu Azərbaycandan qat-qat yaxşıdır.
Iqtisadçı Nemət Əliyevin fikrincə, layihəyə bu formada imza atma onu göstərir ki, hökumətin dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı konkret planı yoxdur. Xüsusən də çətin məqamlarda maliyyə vəsaitlərinin istiqamətləndirilməsi, tapılması mühüm dövlət siyasətinə çevrilməli olduğunu deyən N.Əliyev vurğuladı ki, bu gün dövlət olaraq Azərbaycanın maliyyə vəsaitlərinə ciddi ehtiyacı var: “Bu ehtiyac ödənilmədiyinə görə, Azərbaycanın qeyri-neft sahələri tənənzülə gedir. Investisiya yatırılması sahəsində ciddi problemlər var. Hökumət elə bir əlverişsiz mühit yaradıb ki, azərbaycanlı investorlar öz maliyyə vəsaitlərini Azərbaycanda yerləşdirmirlər. Digər bir tərəfdən belə bir ağır vəziyyətdə Azərbaycan hökuməti xarici ölkələrə üz tutaraq, borc alır. Əlbəttə əgər dəmir yol xəttinin çəkilməsinə böyük zərurət varsa, o zaman nə ehtiyac var ki, başqa ölkələrdən yüksək faizlə kredit cəlb olunur. Azərbaycanla müqayisədə hazırda Iranın 500 milyon, 1 milyard vəsaiti tapmaq imkanları daha genişdir. Bəlkə də Iran bu maliyyə vəsaitlərini daha ucuz faizlə cəlb edə bilər. Azərbaycan müxtəlif dövrlərdə həm Avrobondların Avropa bazarlarında yerləşdirilməsi, həm də bir milyard kredit cəlb edilməsi yolu ilə vəsait əldə edib. Onu da qeyd edək ki, bir milyard dollarlıq krediti alarkən yüksək faizlə ödəmə zəmanət verib. Azərbaycan götürdüyü vəsaiti 9 faizlə qaytarmalı olacaq. Halbuki Türkiyə 4-5 faizlə xarici vəsaitlər cəlb edə bilib”.
N.Əliyevin fikrincə, hakimiyyətin bu məqamları nəzərə almaması müəyyən qaranlıq mətləblərdən xəbər verir. N.Əliyev onu da bildirdi ki, ölkənin nəqliyyat sektorunun inkişafına 25 milyard vəsait qoyulub. Bu vəsaitin geri dönməsinin nə qədər vəsait alacağının sual doğurduğunu deyən N.Əliyev vurğuladı ki, nə vaxt hökumət nəqliyyat sektoruna milyardlar töküb, bu sahədə əksinə tənənzül yaşanıb: “Nəqliyyat sektoruna milyardların ayrılması 2008-ci ildən başlayıb. Həmin dövrdən başlayaraq nəqliyyat sektoru ciddi tənənzülə uğrayıb. Bir halda ki, yeni tikiləcək dəmiryolu ilə daşımalar həyata keçirməyə yük olmayacaqsa, o zaman bu proyektlərin reallaşmasına nə ehtiyac var. Nə zaman bu yollardan istifadəyə tələb artar, həmin tələbatın yüksəldiyi dövrdə vəsaitləri yönəldirsən”.
Hər il nəqliyyat sektoruna Azərbaycanın kapital yatırımının 20 faizinin öynəldiyini deyən N.Əliyev bildirdi ki, 2008-2014-cü illər ərzində Azərbaycanın nəqliyyat sektorunda həm sərnişin, həm yük daşımalırına diqqət yetirilsə, məlum olacaq ki, bütün sahələrdə tənənzül gedib. “Belə çıxır ki, milyardlar xərcləndi, amma həmin yollardan istifadə etmək mümkün olmayıb. Hökumət iri maliyyə vəsaitlərini səmərəli istiqamətlərə yönəldə bilmir. Həyatı vacib sahələrin inkişafı daha mühüm olduğu halda iqtisadi cəhətdən gəlir gətirməyən sahələrə müraciət etmək hökumətin ən böyük və bağışlanmaz səhvlərindəndir”, deyə N.Əliyev vurğuladı.
azadliq.info