Ermənilərin "Geqam" dediyi, Qərbi Azərbaycanlıların unutduğu Əhməngən dağı ...
17-04-2023, 11:46

Ermənistan Hidrometeoroloji Proqnozlar Mərkəzinin direktoru Qaqik Surenyan öz “Facebook” səhifəsində foto yayımlayıb.
Adalet.az xəbər verir ki, Ermənistanın baş sinoptiki həmin fotoda Geqam dağlarını nümayiş etdirib.
Məlumat üçün bildirək ki, ruslar erməniləri Qafqaza gətirməmişdən əvvəl dədə-babalarımızın qədim məskəni olan həmin dağın adı Əhməngən dağı olub.
Ermənistanın mərkəzində yerləşən su ayrcı funksiyasını yerinə yetirən bu dağ silsiləsi şərqdən Göyçə, Araz və Zəngiçay hövzələrini, cənub-qərbdən Azat və Vedi hövzələrini, cənubdan isə Arpaçay hövzəsini ayırır.
Əhməngən dağ silsiləsinin orta hündürlüyü təqribən 2500 m-dir. Silsilə vulkanik mənşəlidir və çoxlu sayda sönmüş vulkanları özündə birləşdirir. Silsilənin uzunluğu 70 km, eni 48 km-dir.
Oğurluğu peşəkarlıqla bacaran ermənilər bu torpaqlarda xalqımızın qədimliyini tamamilə silmək üçün silsiləsinin adını dəyişiblər. Əhməngən ermənilərin əfsanəvi əcdadı Haykın nəvəsi Qegamın adı ilə dəyişdirilir. Əhməngən dağ silsiləsinin ən yüksək nöqtəsi Qızıldağ zirvəsidir.
Erməni mediası yazır ki, Gegam silsiləsində çoxlu sayda qayaüstü rəsmlər tapılıb. Rəsmlərin əksəriyyətində insanları ov və döyüş, torpağın becərilməsi, yarışlar və rəqslər səhnələrində, eləcə də mifoloji varlıqlar — vizapalar (əjdahalar) təsvir edilmişdir. Bəzi mağara rəsmlərində analara, əcdadlara, qəhrəmanlara, ruhlara, məhsuldarlığa və zamana sitayiş əks olunur. Coğrafi elementlər də təsvir edilmişdir: çaylar, göllər, bulaqlar, həmçinin astronomik cisimlər və hadisələr: Günəş, Ay, ulduz bürcləri, alov topları, kometlər və ildırım.
Silsilə ərazisində Xosrov meşəsi var.Tarixi mənbələrə əsasən "Xosrov meşəsi"nin adı IV əsrdə yaşamış II Xosrovun adı ilə bağlıdır. Ehtimal olunur ki, Xosrov bu ərazidə çoxlu miqdarda ağac əkərək ərazini meşə sahəsinə çevirmişdir. Qoruq ərazisində bir çox tarixi və təbii abidələr mövcuddur. Ərazidə mağaralar, şəlalələr, qədim və orta əsrə aid monastırlar, kilsələr var.
P.S. Nə gözəl məkanlarımızı oğru tayfa, xəstə toplum Rusiya kimi qüdrətli himayədarlarının əli ilə bizdən oğurlayıb... Heyf... "Heyf " dediyim bir mövzu da var ki, indiyənə qədər belə qədim və mənzərəli yurdumuz haqqında az məlumatlıyıq. Qərbi Azərbaycan ziyalıları, jurnalistləri bu mövzuda ya çox az məlumatlı olublar ya da məlumat yaymağa əriniblər.
Əntiqə Rəşid