Qazılan “Qızıl Kurqan” qalmaqalı böyüdü - yeni təfərrüatlar
15-06-2016, 10:59
MTN rəsmisi: ““Qızıl Kurqan”da bir qrup şəxs tərəfindən qanunsuz qazıntı işlərinin aparılmasına cəhd göstərilib”
Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən, aprel döyüşlərinə qədər neytral zonada qalan “Qızıl Kurqan” deyilən ərazidə gizli qazıntı işləri aparan şəxslərin saxlanılması haqda məlumat yayılıb. Aznews.az-ın xəbərinə görə, Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları bu ayın 11-dən 12-nə keçən gecə ərazidə böyük əməliyyat həyata keçirib.
Rayon sakinlərinin verdiyi məlumata görə, yerli polisin də iştirak etdiyi əməliyyatda dövlətin təbii sərvətini ələ keçirməyə çalışan bir neçə məmur saxlanılıb. Məlum olub ki, cəbhədəki son döyüşlərdən sonra tam nəzarətimizə keçən həmin ərazi bir sıra yerli məmurlar tərəfindən neçə günlərdir ki, ekskavatorlarla qazılır. Güman edilir ki, həmin ərazidən qızıl çıxarılırmış.
Məlumata görə, əməliyyat vaxtı əraziyə nömrəsiz avtomobillə gəlmiş icra başçısının Fuad Əliyev adlı köməkçisi, eləcə də Az 22 AA 010 xidməti avtomobillə orada olan rayon yol idarəsinin rəis müavini Misir Ələkbərov və bir neçə başqa vəzifəli şəxslər DTX əməkdaşları tərəfindən saxlanılıb. Hazırda ərazidə axtarış tədbirləri aparılır. Sakinlərin bildirdiyinə görə, "Qızıl Kurqan"da qazıntı işlərinə yüksək vəzifəli şəxslər, eləcə də iş adamları rəhbərlik edirmiş. Saxlanılan məmurlar isə həmin adamların yaxın qohumlarıdır.
Son məlumatlara görə, Goranboy rayon icra başçısının müdaxiləsindən sonra F.Əliyev sərbəst buraxılıb. Məsələdə adı hallanan Fuad Əliyev bildirib ki, xəstə olduğu üçün işə çıxmır: “Mən bir neçə gündür ki, xəstəyəm. Ona görə işə getmirəm. Belə bir əməliyyatdan xəbərsizəm”.
“Yeni Müsavat” əməkdaşı yayılan məlumatlarla bağlı Dövlət Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayıb. Şöbədən bildiriblər ki, DTX əməliyyat keçirməyib.
Goranboy Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Elçin Cahangirov məsələ ilə bağlı “Yeni Müsavat”a deyib ki, “Qızıl Kurqan” deyilən ərazidə əməliyyatın keçirilməsi haqda təmsil etdiyi quruma hər hansı bir məlumat daxil olmayıb.
E.Cahangirov deyib ki, məsələ ilə bağlı mətbuatda yayılan məlumatla tanış olduqdan sonra Tapqaraqoyunlu icra nümayəndəsi ilə əlaqə saxlayıb: “İcra nümayəndəsi Abbas müəllim bildirdi ki, orada belə bir şey, əməliyyat, qazıntı olmayıb”.
Başçı müavini yol idarəsinin rəisi ilə də əlaqə saxladığını bildirdi. Qeyd etdi ki, idarə rəisi də ərazidə qazıntı işlərinin aparılmadığı deyib: “Mən ondan Misir Ələkbərovun gecə yarısı orada nə etdiyini soruşmadım. Rəis dedi ki, orada belə bir şey olmayıb. Tapqaraqoyunlu ərazisində bu dəqiqənin özündə də bərpa, yol təmir-tikinti işləri gedir. Bütün xidmətlər orada işləyirlər. Amma yazılan mövzu ilə bağlı bizim xəbərimiz yoxdur. Başçı müavini olaraq bizə rayon ərazisində baş verən hadisələrlə əlaqədar polis və DTX-nin yerli şöbəsindən gündəlik məlumat verirlər. Nə polisdən, nə də DTX-nin yerli şöbəsindən bizə orada qazıntı aparılması və əməliyyat keçirilməsi haqda məlumat daxil olmayıb. Deyilən ərazi yoldan xeyli aralıda, təpənin üstündədir. Yola aidiyyəti yoxdur. ”Qızıl Kurqan" Mədəniyyət və Turizm Nazirliyinin balansındadır. Tarixi mədəniyyət abidəsinin mühafizəsi də onların səlahiyyəti daxilindədir".
Mədəniyyət və Turizm Nazirliyinin Goranboy rayon şöbəsinin rəisi Gündüz Hacıyev isə “Qızıl Kurqan”da qazıntı işləri aparılmasını təsdiqləyib: “Biz topladığımız məlumatları arayış şəklində Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmişik. Biz qədim abidəni mühafizə edirik, qoruyuruq. Bizim işimiz qədim abidə zədələnərsə, qanunsuz olaraq qazılarsa, bu haqda nazirliyə məlumat verməkdir. Biz məlumatı vermişik. ”Qızıl Kurqan"da qanunsuz qazıntı aparan kimisə tutmamışıq. "Qızıl Kurqan"ın 30 metrliyində, təpənin ətəyində qazıntı işlərinin aparılmasını müəyyən etmişik. Bu barədə məlumat vermişik".
Şöbə rəisi “Qızıl Kurqan”da qazıntı işlərinin niyə gecəyarısı aparılması ilə bağlı araşdırma aparmadıqlarını söylədi: “Gecəyarısı orada kiminsə iş görməsi haqda bizdə məlumat yoxdur”.
Mədəniyyət və Turizm Nazirliyinin (MTN) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Vüqar Şixəmmədov “Yeni Müsavat”a “Qızıl Kurqan”da qanunsuz qazıntı işlərinin aparıldığını təsdiqləyib: “İyunun 13-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisindəki "Qızıl Kurqan" deyilən yerdə bir qrup şəxs tərəfindən qanunsuz qazıntı işlərinin aparılmasına cəhd göstərilib. Mədəniyyət və Turizm Nazirliyinə bu haqda məlumat daxil olan kimi aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət olunub”.
V.Şixəmmədov əlavə edib ki, məsələ hazırda DTX-nin nəzarəti altındadır.