"Evdə otur, pul qazan" - Fırıldaqçılara inanmayın + VİDEO
16-06-2016, 08:59
Asan yolla, evdə oturaraq pul qazanmaq... Sosial şəbəkələrdə bu kimi şirnikləndirici təkliflərlə bəzi işbazlar vətəndaşları internetdə biznes quırmağa dəvət edir. Nəticədə vətəndaşlardan pul tələb edir, daha sonra saytı bağlayırlar. Bəs belə fırıldaqlara aldanmamaq üçün nələrə diqqət etmək lazımdır?
Aqşin Həsənov da biznesə 9-a yaxın dostunu daxil edib və hər birinin yerinə 33 dollar ödəyib. Çünki ona gətirdiyi dostlar üçün əlavə faiz ödəniləcəyi deyilib. Lakin bir müddət sonra həmin sayta daxil olmaq mümkünsüz olub.
Marketoloq Vasif Hüseynov deyir ki, bəzi işbazlar internetdə şəbəkə biznesi qurmaq adı ilə vətəndaşlardan pul götürür və şəbəkə genişləndikdən sonra saytı bağlayırlar. Bəzi şəbəkə biznesləri də var ki, qoşulmaq üçün ödəniş yox, informasiya tələb edir. Yəni, siz email, əlaqə nömrəsi və ev ünvanını yazmaqla biznesə qoşulursuz.
Marketoloq deyir ki, informasiyanın da qeyd olunması dolayı yolla pul itkisinə səbəb olur.
Vasif Hüseynov deyir ki, bu kimi fırıldaqçıların təqdim etdiyi lisenziyalar da inandırıcı deyil. Çünki elə lisenziyanın hazırlanmasını da özləri təşkil edirlər. Ona görə də aldanmamaq üçün ilk növbədə həmin saytlar ciddi araşdırılmalıdır.
teref.az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.