DÜŞÜNCƏMİZƏ LAYİQ HƏYATIMIZ
8-05-2023, 09:16

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev adlı bir şəxsin qısa müsahibəsi gözümə dəydi. Görəsən, hara gedirik bu qəbilə təfəkkürü ilə?!
Adamın dediklərindən belə çıxır ki, Filankəs vəzifədə olub, çörək verib, indi onun ad gününə getməmək günahdır, nankorluqdur və s.
Əvvala, ay elmlər doktoru diplomu almış kəs, ölümə təslim olan insan nə karədir ki, çörək verə?! Ruzinin sahibi Əzəli və Əbədi Uca Allah deyilmi?!
İkincisi, sizin kimi düşünən və hətta bu məhdud düşüncələri ilə gənclərə nümunə olmaq istəyənlərlə dövlətçilik şüuru formalaşa bilərmi?!
Dövlətin verdiyi vəzifədə qanun çərçivəsində xalqa, dövlətə xidmət etmək hər bir vətəndaşın boyun borcudur. Vəzifə borcunu ödə, sonra da get, yüzlərlə, minlərlə ölkə vətəndaşı kimi həyatına davam et! Əyri olub əyriliyi təbliğ etmə, yaxşı cəmiyyət qur ki, vətəndaşlarla bərabər səviyyədə özün də yaxşı yaşayasan. Yox bir, el-aləm yığışıb millətin sabahını söndürmüş bir zatı ziyarət edəcəkmiş ki, yaxşı yeyib-dağıdıb başımıza oyun açmısan?!
Bütün uğurlar müqabilində ayrı-ayrı şəxslərə deyil, dövlətə minnətdar olmaq şüurumuz olmadıqca sürünəcəyik. "Filankəs mənə çörək verib" ən idbar və insanlığa yaraşmayan ifadədir. Barı adamı çörəkdən iyrəndirməyin, ağlınız, insafınız olsun! İnsan ağıl və idrak sahibidir. O, özü üçün mütərəqqi dövlət, qanunların şah olduğu ədalətli cəmiyyət qurub adam kimi əmin-amanlıqda yaşayır.
Mürtəce ənənələrdən qurtulmaq gərəkdir, vəssalam! Dostbazlığa, məhəlli təfəkkürə təslim olmuş şüurla yalnız siçovullaşmaq olar!
Vəzifəni o dərəcədə kef bilirlər ki, ömürlərindən kəsib verməyə hazırdırlar, çünki insani keyfiyyətlər istefa verib. Yemək, talamaq, müftəxorluq, harınlıq, qəbih kef, murdar ləzzət və s... Ona görə də, ayaq üstə dura bilmirik, tez yıxılırıq, köləliyə məruz qalırıq.
Təəssüf ki, əksər elmlər doktoru, professor, akademik edilmişlər belə düşünürlər. Sanırlar ki, ciblərindəki diplom adlı kağız parçası ilə onlar, doğrudan da, alimdirlər.
Cibdən çıxmış və cibə girən zərərdidə alim dəstəsi vəzifəni kiməsə minnət qoymaq, "yaxşılıq etmək" kimi dərk edir.
Xalqın qanından, canından yoğrulmuş dövlət sənə vəzifə verir ki, xidmət edəsən, vəzifə yükünü daşıyasan, "yaxşılıq etmək"lə, cib güdməklə məşğul olmayasan!
Halımız yamandır, yaman...
PS. Ölkədə müxtəlif yollarla əldə olunan alim diplomları dövləti zəiflətməyin, xalqı ümidsizləşdirməyin, vecsizliyin, fürsətcilliyin, dağıdıcılığın lisenziya sənədinə çevrilib.
İdris Abbasov
Teref.az