“Azərlotereya” ASC ittihamlara cavab verdi - MÖVQE

8-05-2023, 15:35           
“Azərlotereya” ASC ittihamlara cavab verdi - MÖVQE
Teref.az bildirir ki, “Azərlotereya” ASC fevralın 19-da Suraxanı rayonu Günəşli ərazisində yerləşən “Araz” marketdən lotereya bileti almış Kazımova Elnarə Əlləz qızının şikayəti ilə bağlı göndərdiyimiz sorğunu cavablayıb. “Azərlotereya” ASC şikayətlə bağlı göndərdiyi mövqeyində yazır:
"Sorğuya cavab
Ölkənin qanuni və yeganə lotereya təşkilatçısı “Azərlotereya” ASC fevralın 19-da Suraxanı rayonu Günəşli ərazisində yerləşən “Araz” marketdən lotereya bileti almış Kazımova Elnarə Əlləz qızının şikayəti əsasında dərhal hərəkətə keçərək məsələni araşdırıb. Şikayətçi Elnarə Kazımova şirkətə dəvət edilərək dinlənilib. Onun dediyinə əsasən aldığı “Tap, Qazan!” lotereya bileti ilə böyük uduş – 25.000 AZN qazanıb. Şikayətçi satıcının onu aldatması nəticəsində biletin əlindən alınmasını iddia edir.
Məsələ ilə bağlı “Azərlotereya” və hüquq mühafizə orqanlarının araşdırmaları nəticəsində məlum olub ki, sözügedən hadisədə qanun pozuntusu qeydə alınmayıb, bu işlə bağlı əlavə araşdırma aparılır. Elnarə Kazımovanın iddiasına görə bilet aldığı satıcı öncə yanılaraq alıcının 25 min manat qazandığını sanaraq, onu təbrik edib. Daha sonra satıcı biletə diqqətlə baxdıqda yanıldığını bildirərək onun qalib olmadığını qeyd edib.
“Azərlotereya” belə halların yaşanmaması üçün lotereya həvəskarlarını daha diqqətli olmağa dəvət edir. Şirkət oyunçulara bilet alarkən oyun qaydalarını bilməyi və bileti özündə saxlayaraq heç kəslə paylaşmamağı tövsiyə edir. “Azərlotereya” ani lotereya bileti alarkən onun hər hansı bir hissəsinin daha öncə pozulub-pozulmadığından əmin olmağı, neqativ hallarla rastlaşdıqda şirkətin *2080 nömrəli əlaqə mərkəzinə məlumat verməyi xahiş edir.
“Azərlotereya” bildirir ki, lotereya oyunlarının təşkilində təhlükəsizliyə və şəffaflığa tam zəmanət verilir. Lotereya biletlərinin satışı da qanuna uyğun həyata keçirilir. Satıcılar mütləq "Məsuliyyətli Satıcı" proqramı çərçivəsində yer alan sertifikasiya prosesindən keçirlər. Bəzi pozuntular verilmiş sertifikatının ləğvinə və məntəqənin bağlanmasına səbəb ola bilər. Bileti dəyərindən baha satdıqda, alıcı ilə düzgün rəftar etmədikdə, «Məsuliyyətli Satıcı» proqramının şərtlərinə əməl etməyəndə əvvəlcə xəbərdarlıq edilir, təkrar baş verdikdə isə sertifikat blok edilir. Bəzi hallarda isə sertifikat dərhal ləğv edilir. Bura insanları uduşlarda aldatmaq, biletlərə müdaxilə olunması kimi hallar da aiddir.
Qeyd edək ki, Dünya Lotereyalar Assosisasiyası, həmçinin Avropa Lotereyalar və Toto Assosiasiyasının üzvü olan “Azərlotereya”nın fəaliyyət sferası beynəlxalq standartlara əsaslanır. Şirkət lotereyaların keçirilməsində ən son texnoloji yenilikləri həyata keçirən, oyun proqramlaşdırılması, məhsulun idarə edilməsində şəffaflığın qorunması və təhlükəsizlik kimi məsələlərə ciddi yanaşır. “Azərlotereya”nın ani lotereya biletlərinin hazırlanmasında qabaqcıl texnologiyaya malik şans oyunları üzrə qlobal şirkət hesab olunan "Scientific Games" birbaşa iştirak edir. "
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.