İş yolunda ölüm: Təzminat kimlərə ödənilir? - Diqqət!
9-05-2023, 20:21

Xəbər verdiyimiz kimi, Qubadlıda işə gedən fəhlənin üzərinə qaya parçaları aşaraq ölüb.
Qubadlı Rayon Polis Şöbəsinə bu gün səhər 10 radələrində təmir-tikinti şirkətlərindən birində çalışan Coşqun Hüseynovun işə gəlməməsi ilə bağlı məlumat daxil olub. Məlumatla əlaqədar keçirilən tədbirlərlə Hacıqabul rayon sakini, 1978-ci il təvəllüdlü Coşqun Hüseynovun meyiti Həkəri çayının yatağından aşkar edilib. İlkin ehtimala görə, onun üzərinə qaya parçalarının aşması nəticəsində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Bəs istehsalat qəzaları zamanı işçiyə və ya ailəsinə təzminat ödənilirmi?
TEREF.AZ Cebhe.info-ya istinadla qanundan çıxarışı təqdim edir:
İstehsalatda işçilərin xəsarət alması və ya ölümü ilə nəticələnmiş bədbəxt hadisələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq təhqiq edilir.
Təhqiqat başa çatdıqdan sonra bir gündən gec olmayaraq işəgötürən tərəfindən ”İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında" akt tərtib olunmalı, aktın bir nüsxəsi zərərçəkənə və ya onun ailə üzvlərinə təqdim edilməlidir. İstehsalat qəzası nəticəsində xəsarət almış işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin himayəsində olmuş şəxslərə (faydalanan şəxslərə) sığorta ödənişlərinin verilməsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli qanununun tələblərinə müvafiq qaydada həyata keçirilir. İstehsalat qəzası nəticəsində xəsarət almış işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin himayəsində olmuş şəxslərə (faydalanan şəxslərə) aylıq, birdəfəlik və əlavə sığorta ödənişlərinin verilməsi nəzərdə tutulub.
İşəgötürənlərin (hüquqi və ya fiziki şəxslər) qanunla müəyyən edilmiş qaydada öz işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirmək vəzifəsi daşıyır. Əməyin mühafizəsi qaydalarının pozulmasına görə işəgötürənlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunurlar. İşçilər icbari sığorta olunmadığı təqdirdə işəgötürənlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunurlar.