Hərbi xidmət problemi – Möhlət olmadığından oğlanlar kollecə getmir
10-05-2023, 08:27

Azərbaycanda kollec tələbələrinə də hərbi xidmətdən möhlət hüququ verilə bilər. Bunu Elm və
Təhsil nazirinin müavini İdris İsayev deyib. Onun sözlərinə görə, orta ixtisas təhsili
müəssisələrində oxuyan tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı
təkliflər aidiyyəti rəsmi qurumlara göndərilib.
Nazir müavini bildirib ki, burada tam möhlət hüququnun verilməsindən söhbət getmir: “Bildiyiniz
kimi, təhsil proqramını bitirməmiş tələbələri müddətli həqiqi hərbi xidmətə çağırırlar. Təklifimiz
odur ki, onlar proqramı bitirdikdən sonra hərbi xidmətə getsinlər”.
“Belə bir möhlətin verilməsi…”
Son təklifə, hələlik, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən münasibət
almaq mümkün olmayıb. Amma Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun
Məmmədov “Turan”a bildirib ki, belə bir möhlət hüququnun verilməsi normaldır: “Burada bütün
tələbələrdən söhbət getmir. Yəni, söhbət konkret olaraq proqramı bitirməyən, təhsili davam
etdirən gənclərdən gedir ki, belə bir möhlətin verilməsi prosesə müsbət töhfə verə bilər”.
“Ali məktəblərə qəbul ola bilməyənlər…”
Bu gün Azərbaycanda 54 orta ixtisas təhsili müəssisəsi var və orada 50 minədək tələbə təhsil
alır. Təhsil məsələləri üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, ali məktəblərə qəbul ola
bilməyənlər kolleclərə üz tuturlar: “2018-ci ildə “Təhsil haqqında” Qanuna edilmiş dəyişikliklərə
əsasən, kollec məzunları subbakalavr statusunu alırlar. Hətta imtahansız öz ixtisasları üzrə ali
təhsil almaq hüququna malikdirlər. Son üç ilə baxanda biz görürük ki, hər il ən azı 6 min
subbakalavr imtahansız ali məktəblərə qəbul ola bilir. Bu, kolleclərə marağı artırıb”.
Ekspert hesab edir ki, hərbi xidmətdən möhlət hüququnun verilməsi kifayət qədər yaxşı
haldır. “Azərbaycanın kifayət qədər güclü ordusu var. Kiminsə iki və ya üç il ərzində
möhlət alması Azərbaycan ordusuna heç bir təsir göstərməyəcək, əksinə, bu şəxslər gənc
mütəxəssis olaraq iki-üç il sonra Azərbaycan ordusunun sıralarına daxil olacaqlar. Bu
möhlət hüququ həmçinin kolleclərə marağı daha da artıracaq, çünki bəzi hallarda sırf
möhlət hüququnun olmadığına görə oğlanlar kollecə getmirdi”, – K.Əsədov
AzadlıqRadiosuna bildirib