Vəkil sığorta şirkətinin fəaliyyətindən şikayətləndi

16-06-2016, 16:34           

“Rəvan Sığorta” şirkəti tərəfindən hüquqları pozulduğunu deyən vəkil Ceyhun Yusifov Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanova müraciət edib.

Bu barədə virtualaz.org saytına vəkil özü məlumat verib. Vəkilin sözlərinə görə, adı çəkilən sığorta şirkəti müştəriləri aldadır, üzərinə düşən öhdəliyi yerinə yetirmir.

“Şirkətlə müştəri arasında bağlanan sığortanı ləğv etmək mümkün deyil. Vətəndaşlardan əsassız olaraq əlavə xərc tələb olunur. Heç bir vətəndaş öz hüququndan istifadə edə bilmir. Sığorta öhdəlikləri yerinə yetirilmir. Avtomobilin keyfiyyətsizliyi ilə bağlı müraciətlər cavabsız qalır, verilmiş zəmanət yerinə yetirilmir”, - C.Yusifov bildirir.

Vəkil bildirir ki, müqavilə şərtlərinin ziddinə olaraq, “Rəvan Sığorta”nın əməkdaşları qəza baş verən zaman hadisə yerinə gəlmirlər. “7-8 ay əvvəl avtomobilimdə qəza baş verdi, 1 manat da sığorta ödəmədilər. Şirkətdə çalışan Mayıl Nuriyev adlı şəxsə iradımı bildirdikdə isə “gedin, kimə istəyirsiniz deyin” cavabı verir”, - deyə vəkil əlavə edib.

Vəkil bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanova müraciət edib: “Rəsmi şəkildə müraciət etmişəm, yoxlasınlar, araşdırsınlar. Burada 70 dənə firma yaradıblar. Adi etibarnamə üçün rüsum tələb edilir. Hər etibarnamə üçün isə əlavə rüsum tələb edirlər. Birmənalı olaraq vətəndaşlar aldadılır”.

Vəkil mətbuat vasitəsilə vətəndaşlara mütləq ehtiyatlı olmağı tövsiyə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.