Hacıqabulun icra başçısı hardadır? - Rayon fermerlərinin təsərrüfatları batır
16-06-2016, 18:53
Hacıqabul rayonundan olan bir qrup fermer çətin vəziyyətə düşüblər. Rayonun Nəvahi qəsəbəsində yüzlərlə fermer əkin sahələrini suvarmaq üçün təsərrüfat suyuna həsrət qalıblar. GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən rayonun digər kəndlərində, Talış kəndində də analoji problemlər yaşanmaqdadır. Taxıl və pambıq əkən fermerlər, həmçinin də Talış kəndində olan balıqçılıq təsərrüfatlarında su problemi onların təsərrüfatlarının sıradan çıxmasına səbəb olub.
Saytımıza danışan fermerlər deyir ki, dəfələrlə Hacıqabul Rayon İcra Hakimiyyətində olsalar da, icra başçısı Əhməd Muxtarovla görüşə bilmirlər. «Hətta rəsmi qəbul günlərində belə İcra Hakimiyyətinə getsək də hər dəfə başçının iş yerində olmadığını bildirirlər. Cənab prezident Azərbaycanda qeyri-neft sektorunun inkişafı, xüsusilə də kənd təsərrüfatının inkişafı ilə bağlı konkret tapşırıqlar verib. Məmurlara göstərişlər veriblər. Eşitdiyimizə görə əksər rayonlarda bu sahənin inkişafı ilə bağlı mühim işlər görülür. Yeni əkin sahələrinin yaradılması, suvarma sistemlərinin qurulması işi həyata keçirilir. Amma biz dərdimizi deməyə yer tapa bilmirik» deyə narazı fermerlər gundeminfo.az-a açıqlamalarında bildirirlər.
Daxil olan narazılıqlarla bağlı Hacıqabul Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.