Bağçanı hələ də qışda odun sobası ilə qızdırırlar...
25-05-2023, 10:04

Astara rayon Rudəkənar kənd sakini Ellada İsmayılova Suparibağ kənd körpələr evi-uşaq
bağçasında üç ildir ki, aşpaz köməkçisi işlədiyini söyləyir. Onun deməsinə görə, maaşı çörəyə
güclə çatır: “Nəyə görə bağçada 32 nəfər işçinin 24 nəfəri yarımştat cədvəli üzrə çalışır? Bir
uşağım var, 160 manatla necə dolanım?”.
“Uşaqları nəzarətsiz qoyub gedirlər”
Azərbaycanda hazırda minimum əməkhaqqı 345 manatdır. O aldığı maaşla dolanmağın çətin
olduğunu söyləyir: “Bağçada intizam da zəifdir. Tərbiyəçi müəllimlər istədikləri vaxtda uşaqları
nəzarətsiz qoyub gedirlər”.
Ellada İsmayılova əlində mənfi hallarla bağlı faktların olduğunu deyir. Onun bildirməsinə görə, bu
faktları lazım olan yerlərə təqdim edib: “Bağçanı qış aylarında odun sobası ilə qızdırırlar. Əyləncə
yeri də dağıdılıb”.
“Məni susdurmaq istəyirlər…”
O deyir ki, bağçada uşaqların sayı ildən-ilə azalır: “Mehriban xanım Əliyevaya, prezident
köməkçisi Fuad Ələsgərova, Baş prokurora məktubla müraciət etmişəm. Yerli orqanların da bu
barədə xəbərləri var. Məktubuma əsasən ilin əvvəlində Lənkəran-Astara Təhsil şöbəsinin
nümayəndələri bağçada olublar. İşçilərdən burdakı vəziyyətdən razı qaldıqları barədə ərizə
alıblar. Məni susdurmaq istəyirlər, işdən çıxartmaqla hədələyirlər”.
Onun deməsinə görə, heç kimlə şəxsi ədavəti yoxdur, məqsədi bağçada ədalətin bərpa
olunmasıdır: “Ən qəribəsi budur ki, bağçaya yoxlamağa gələnlər yazmış olduğum faktların
üstünə xətt çəkirlər. Deyirlər ki, burada qanun pozuntusu yoxdur”.
Müdir: “Onun dedikləri düz deyil”
Suparibağ kənd körpələr evi- uşaq bağçasının müdiri Leyla Mirzəyeva da iddiaları qəbul
etmir: “Onun dedikləri düz deyil. Maaşlar yanvarda artandan sonra Ellada İsmayılova gəlib dedi
ki, saatımı artırın. Belə bir imkan olmadı. Saatları mən vermirəm, uşaqların sayına görə
verirlər. Başqa bağçalarda necədir, bizdə də elə. Saat məsələsi ilə bağlı yoxlama gəldi,
gördülər ki, mümkün deyil. Başladı müxtəlif yerlərə müraciət etməyə”.
Leyla Mirzeyeva əlavə edib ki, o, burda təzə işləyir: “Mən buraya gələndə əyləncə yeri yox idi.
Rayon prokurorluğundan, Lənkəran-Astara Regional Təhsil Şöbəsindən yoxlamalara gəliblər.
Yoxlamalardan məlum oldu ki, deyilənlər düz deyil. Bizdə yarım ştatla işləyənlər var. Bağçada
qrup artsa, ştatlar da, saatlar da artar. Qrup kəsilsə, ştatlar da kəsiləcək. Qrup artmayıb. Qış
mövsümündə uşaq az gəlirdi, indi sayları artıb. Bağçanı odun sobası ilə qızdırırıq. Sistemdə 70
uşaq var. Ola bilər, bəzən az gəlsinlər”.
Yazıda yer alan şikayətlərlə bağlı Lənkəran-Astara Təhsil Şöbəsi və başqa rəsmi qurumların
münasibətini almaq mümkün olmayıb.
pressklub.az