Mağazalarda sellofan paket QALMAQALI: - Satıcı və alıcılar nədən narazıdır?

31-05-2023, 11:45           
Mağazalarda sellofan paket QALMAQALI: -
Gündəlik alış-veriş zamanı alınan məhsulları yığmaq üçün tez-tez istifadə edilən sellofan torbalara görə artıq neçə müddətdir ki, əlavə ödəniş tələb olunur. Bu, Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarı ilə öz təsdiqini tapıb. Belə ki, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi pulla satılır.

Lakin bu qərar uzun müddətdir ki, nə satıcı, nə də alıcılar tərəfindən birmənalı qarşılanır. Alıcılar bu qərarla razılaşmır, satıcılar isə razılaşmayan alıcıların aqressiyası ilə barışa bilmir.

“Özüm market də işləyirəm, insanlar sellofan torbaların pulla olmasına görə bütün əsəbini əməlli-başlı üstümüzə tökür. Sual verirsən ki, paket olacaq? (Çünki 50% evindən torba zənbil və.s gətirir. Hətta 500 manatlıq bazarlığı kloka yığmadan eləcə arabaya yığanlar da olur) Cavab olaraq bəli və xeyr deməkdənsə aqressiya nümayiş etdirirlər. Bu hal təbii ki, bizi də əsəbləşdirir”.

TEREF.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, bu sözlər adının anonim qalmasını istəyən bir mağaza satıcısının dilə gətirdikləridir.

O həmçinin mağaza rəhbərlərinin satıcılar qarşısında bəzi məhdudiyyətlər qoyduğunu, bunununla da 2 qat alıcılar qarşısında çətin vəziyyətə düşdüklərini deyib.

“Alıcılar meyvə-tərəvəz üçün olan nazik paketlərə mal yığırlar bizə də qəti şəkildə tapşırıblar ki, çörəkdən başqa nə gördünüz çıxarın yoxsa cərimələnəcəksiniz. Bunun üstündə də ayrı davalar düşür” - deyə satıcı bildirib.

Bəs bu halda, mağaza müdriyyətinin belə şərt qoymağı doğru hesab edilirmi? Ümumiyyətlə sellefon paketlərin ödənişli olması ondan istifadəni minimuma salmaqda effektivdirmi?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verib.

Onun sözlərinə görə, müdriyyətin elə şərt qoyması doğru hesab edilmir, lakin alıcılar tamamən plastik torba istifadəsindən qaçmalıdırlar:

“Ümumiyyətlə bütün paketlər pullu olmalıdır, ən nazik paketlər belə. Azad İstehlakçılar Birliyi olaraq, illərdir bu problemi həll etməyə çalışırıq. Biz təbii ki, istəyirik istehlakçılara təmənnasız xidmət göstərilsin, lakin bu məsələ ekoloji problemlərə birbaşa təsir etdiyi üçün ödənişli olması məsləhətlidir.

Onsuz da əvvəldən sellofan pulu da məhsul üzərində gedirdi, alıcılardan istər-istəməz pul çıxılırdı. Bu addımı hökümətin ekoloji siyasətinə dəstək kampaniyası kimi dəyərləndirmək lazımdır.

Biz hələ 2009-cu ildən sellofan paketlərdən istifadəni azaltmaq üçün bir sıra küçə nümayişləri keçirmişik həmçinin dövlət orqanları qarşısında məsələ qaldırmışıq və bildirmişik ki, dünya təcrübəsi Azərbaycanda tətbiq olunsun. Bunların ödənişli olması eko torbalardan istifadəni daha çox stimullaşdırmalıdır. Ümumiyyətlə, bütün sellofan paketlərdən imtina edilməlidir”.

E.Hüseynov həmçinin bildirib ki, artıq sellofan paketlərdən istifadə 50%-ə qədər azalıb:

“Hazırki araşdırmamıza baxsaq, 50%-ə qədər istehlakçının sellofan paketdən imtinası baş tutub. Paketlər bir mənalı şəkildə rəngli olmamalıdır. Çünki onların rənglənməsində ağır metallardan istifadə olunur. Əgər istehlakçılar ətraf-mühitin qayğısına qalmaq istəyirlərsə, birmənalı şəkildə sözügedən paketlərdən imtina etməlidir.

Təkcə ətraf-mühit deyil, sözügedən torbalardakı ağır metallar evdəki azyaşlıların səhhətinə də zərər vura bilər. Və təsadüfi deyil ki, Azad İstehlakçılar Birliyi Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 500-ə qədər tam ekoloji bazar torbaları hazırladı. İnsanlar tərəfindən də məmnuniyyətlə istifadə olundu.

Əks halda, istehlakçılar sellafon torbalardan imtina etmirlərsə, bu təqdirdə aldıqları sellafonlardan daim istifadə etsinlər bununla da yenidən ödəniş edib almaqlarına ehtiyac qalmaz”,- deyə E.Hüseynov açıqlamasında qeyd edib.

Bu halda aidiyyəti qurumlar niyə eko çantaların istifadəsini stimullaşdırmır? Sualımızın cavabı növbəti araşdırmamızda...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.