Vəkillər həkimə qarşı ayağa qalxdı: - “Təmənnasız…”

28-06-2016, 11:03           
Vəkillər həkimə qarşı ayağa qalxdı: - “Təmənnasız…”
İyunun 24-də Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində şəkərli diabet xəstəsi olan 87 yaşlı Məmmədova Tərlan Həsən qızının həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağının kəsilməsinə bütün cəmiyyət, o cümlədən vəkillər də reaksiya verib.

Tanınmış hüquqşünaslar Axar.az-a açıqlamalarında bildiriblər ki, zərərçəkən tərəf prinsipial olarsa, onlar dəstək verməyə hazırdırlar.

Vəkil Aqil Layıcov bildirib ki, bu işdə vəzifə saxtarkarlığı və səhlənkarlığının olduğu dəqiqdir: “Hadisə ilə əlaqədar cinayət işinin başlanması çox önəmli idi və bu bir dərs olacaq. Bu kimi hallar yolverilməzdir. Cərrahlar bəzən qəssab rolunu oynayır, qarşılarına gələni kəsib doğrayır, zərurət olmadan dərman yazırlar. Artıq həkim səhlənkarlığına son verilməlidir. Son zamanlar sırf həkim səhlənkarlığı nəticəsində artan ölüm hallarına və bu cür yolverilməz hadisələrə qarşı ictimai dəstək olaraq huquqi müstəvidə mübarizə önəmlidir və mən də ailəyə dəstək verməyə hazıram”.

Tanınmış hüquqşünas Səməd Vəkilovun sözlərinə görə, 2013-cü il sentyabrın 20-də sırf həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümü ilə bağlı mülki və cinayət məsuliyyəti üzrə yekunlaşan məhkəmə prosesi bu cür hallar üçün presedentə çevrilib: “Xanımın həyat yoldaşının media nümayəndəsi olması bu hadisənin ictimailəşməsində və cəmiyyətdə aktuallaşmasında böyük rol oynadı və qismən də olsa, ədalət qalib gəldi. Bu iş artıq presedentə çevrilməkdədir və hesab edirəm ki, zərərçəkənlər bu presedentdən istifadə edərsə, həkim səhlənkarlığı nəticəsində cəmiyyəti narahat edən bu tipli olayların qarşısının alınmasında əhəmiyyətli addım ata bilərik. Yəni qanunvericilik zərərçəkənə kifayət qədər geniş hüquqlar verir, ölkənin hüquq mühafizə orqanları və məhkəmə sistemi də həkim səhlənkarlığına qarşı iradə ortaya qoymağa hazır olduğunu nümayiş etdirib. Belə vəziyyətdə digər iş zərərçəkənlərin üzərinə düşür və onlar təşəbbüs göstərməli, buna qarşı getməli və nəticə əldə etməlidirlər. Yalnız bu halda həkim səhlənkarlığını aradan qaldırmaq olar”.

S.Vəkilovun sözlərinə görə, medianın diqqətlə izlədiyi bu hallar ciddi monitorinqlərin aparılmasını şərtləndirir:

“Bəzən həkim səhlənkarlığı mediaya çıxmır və diqqətdən yayınır. Hesab edirəm ki, bütün faktların diqqətdə saxlanılması üçün xüsusi araşdırmaya ehtiyac yaranıb. Yaxşı olar ki, Səhiyyə Nazirliyi cəmiyyətə illik hesabatlar təqdim etsin”.

Konkret cinayət faktına gəldikdə isə, S.Vəkilov ailəyə təmənnasız hüquqi yardım göstərməyə hazır olduğunu bildirib:

“Bəzən bu tipli hadisələr zamanı zərəçəkənin hüquqi savadsızlığı və yaxud imkansızlıqdan vəkil tuta bilməməsi nəticəsində həkim məsuliyyətdən kənarda qalır və bu kimi halların təkrarlanmasına şərait yaranır. Həkimlərdə məsuliyyət hissini artırmaq üçün şəxsən mən medianın dəstəyi ilə bu işdə zərərçəkənə təmənnasız dəstək göstərməyə hazıram”.

Hüquqşünas Müzəffər Baxışovov da öz növbəsində həmin ailəyə təmənnasız hüquqi dəstək göstərməyə hazır olduğunu deyib:

“Bir insanın sağlam ayağının kəsilməsi cinayətdir. Hadisə baş verəndən sonra həkimin qaçması, sonradan isə “səhv etdiyini” bildirməsi göstərir ki, həkim qəsdən xəstənin yararlı ayağını kəsib. Onun bu cür ifadə verməsinin səbəbi məsuliyyətini yüngülləşdirməyə, ehtiyatsızlıqdan ağır xəsarət yetirməyə görə cinayət məsuliyyəti ilə canını qurtarmağa hesablanıb. Belə məsələlərlə bağlı vəkillərin məhkəməyə müraciət etməsi, bu kimi hadisələrin qarşısının alınması üçün təşəbbüs göstərilməsi və ictimailləşdirilməsini çox müsbət qiymətləndirirəm. Əgər bu məsələ ilə bağlı mənə hər hansı bir müraciət olunarsa, prosesə qoşulmağa və zərərçəkənin hüquqlarını təmənnasız müdafiə etməyə hazıram. Bu gün Avropa ölkələrində belə səhvlərə görə tələb edilən təzminatın dəyəri milyonlarla ölçülür. Təəssüf ki, Azərbaycanda təzminat məsələsi ilə bağlı qanunda dəqiq miqdar müəyyən edilməyib və bu səlahiyyət məhkəmələrin əlindədir”.

Qeyd edək ki, diabet xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 1929-cu il təvəllüdlü Məmmədova Tərlan Həsən qızı Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı kəsilib. Hazırda həkimə qarşı rayon prokurorluğunda CM-nin 131.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.