Naxçıvanda şörək monopoliyası - Bakıdan baha satılır...
3-08-2023, 07:48

Bu yaxınlarda Naxçıvanda çörəyin qiyməti aşağı salınıb. Lakin, bu vacib ərzaq növü hələ də Bakıda satılan qiymətə nisbətən 30 faiz bahadır. Naxçıvanda yalnız 300 qramlıq çörək satışa çıxarılır və onun da qiyməti bir neçə gün öncə 45 qəpikdən 40-a endirilib. Bakıda isə bunun ikiqatı ağırlığındakı çörək 60 qəpiyə satılır. Yəni, Bakıda 600 qram çörəyə 60 qəpik ödəndiyi halda Naxçıvanda 80 qəpik ödənir.
Bundan əlavə, sakinlərin bildirdiyinə görə, bəzən Naxçıvandakı çörəyin çəkisi gizlincə aşağı da salınır. Çörək dükanlarından birinin sahibi R. Hüseynov digər tacirlər kimi qiymətin baha olmasını monopoliya ilə əlaqələndirir:
“Əsas çörəkdir. Kasıblar, aztəminatlı ailələr qarınlarını doyurmaq üçün əsasən bu ərzaqdan istifadə edir. Çünki, onların bir çox ərzaq məhsullarını, ət məhsullarını istənilən qədər alıb istifadə etmək imkanları yoxdur. Naxçıvanda çörəyin qiymətinin baha olmasına səbəb digər sahələrdə olduğu kimi, bu sahənin də monopoliyada olmasıdır. Rəqabət olsa çörəyin qiyməti Bakı ilə eyni, hətta ucuz ola bilər. Həmin monopolistlər buğda biçimi zamanı qiyməti aşağı salaraq 100 min tonlarla buğdanı alır, sonra isə baha satırlar. Çörək işinə də onlar baxırlar. İstədikləri qiyməti qoyurlar. Naxçıvanda onlardan başqa Başqa kimsə buğda gətirə bilməzlər. Əvvəllər bu işin başında Talıbovlar dayanırdı. İndi isə rəhbərlik dəyişsə də monopoliyanı yeni gələnlər saxlayırlar. Qaydalar dəyişməyib. Bu isə qiymətin baha olmasına gətirib çıxarır”
Çörəyin baha olması əsasən kasıb təbəqəyə mənfi təsir göstərir. Naxçıvan şəhər sakini Bağır Quliyev deyir ki, böyük ailələrdə bu, daha çox hiss olunur:
“Ailəmiz böyükdür. Hər gün 40 qəpikdən 6, bəzən 7 çörək almalı oluruq. Aldığımız çörəklərin çəkisi çox zaman 300 qram olmur, həm də qiymət bahadır. Bakı ilə müqayisədə hər gün mən çörək üçün 60-70 qəpik artıq pul xərcləyirəm. Bu minvalla aylıq büdcəmdən 20-25 manat əlavə pul gedir. Bu isə sosial təminatı ağır olan bir ailə üçün böyük puldur”.
Gündəlik Naxçıvan
Teref.az