Hava soyusa da: İstirahət mərkəzlərində qiymət dəyişməyib - AÇIQLAMA

4-08-2023, 00:03           
Hava soyusa da: İstirahət mərkəzlərində qiymət dəyişməyib - AÇIQLAMA
Bu gündən etibarən hava yenidən pisləşəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Bildirilib ki, hava şəraiti dəyişəcək, dolu düşəcək, leysan yağacaq. Arabir leysan xarakterli yağış yağacaq, əsasən dağlıq və dağətəyi rayonlarda yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi də əhaliyə müraciəti edib.

Qeyd olunub ki, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət edilməlidir. Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Xatırladaq ki, artıq bir neçə aydır ki, havaların dəyişkən keçməsi bir sıra sahələrlə yanaşı turizmə də öz təsirini göstərir. Belə ki, yerlərdə güclü yağışların yağması ilə bağlı paytaxt sakinləri bölgələrə səfərlərə üstünlük vermirlər.

Mövcud havanın mövsümə uyğun xarakterli olmaması turizm sektoruna necə təsir edir? Bölgələrdə bir günlük istirahətin qiymətlərinə təsir edibmi?

TEREF.AZ-ın məlumatına görə, Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə heyətinin sədri Samir Dübəndi Cebhe.info-ya bildirdi ki, hava şəraitinin builki yay mövsümündə dəyişkən keçməsi turizm fəaliyyətlərinə bir mənalı olaraq təsir göstərir:

“Kiçik biznes subyektlərinə, kənd və qonaq evlərinə, kotteclərə və s. xüsusi təsir göstərib. İri biznes subyektlərinə, böyük otellərə bu vəziyyət o qədər də təsir göstərməyib.

Regionlardakı populyar 5 ulduzlu otellərdə avqust ayında boş otaq tapmaq çətindir, yerlərin sayı məhduddur. Bildirim ki, təbii fəlakət nəticəsində, sel və daşqınların turizm obyektlərinə vurduğu zərəri hələ hesablamaq lazımdır. Bundan sonra kimə, necə dəstək göstərmək olar. Daha çox zərər çəkmiş obyektlər İsmayıllı, Şamaxa rayonlarının ərazisində yerləşir.

Baxmayaraq ki, hava şəraitinin qeyri-sabit keçməsi regionlara üz tutan turistlərin sayına təsir göstərib və tələb bu səbəbdən aşağı düşüb, ancaq qiymətlərdə dəyişiklik müşahidə edilmir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.