Deputatın həkim əmisi işdən uzaqlaşdırıldı
1-07-2016, 13:14
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında baş verən ölüm hadisəsi ilə bağlı Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb.
teref.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya açıqlamasında deyib ki, komissiya tərəfindən ölüm faktının səbəbləri araşdırılacaq, hadisənin həkim səhvi nəticəsində baş verməsi təsdiqlənərsə, müvafiq tədbirlər görüləcək.
Artıq 1981-ci il təvəllüdlü Lumu Veyisovanı əməliyyatını edən 81 yaşlı həkim Cəfər Quliyev müalicə və əməliyyat işlərindən uzaqlaşdırılıb.
Nazirlik 81 yaşlı həkimin hansı səbəblərdən bu gün də fəaliyyətini davam etdirməsinə də aydınlıq gətirib. S. Əhmədova bildirib ki, qanunvericiliyə əsasən, həkimin elmi adı, uğurları, nailiyyətləri varsa, fəaliyyətinin davam etdirməsinə icazə verilir. Buna əsasən də “Şöhrət” ordeni alan, tanınmış mütəxəssis, Tibb Universitetinin uzun illər müəllimi kimi çalışan, hazırda əmək fəaliyyətini davam etdirməyə qadir olan Cəfər Quliyev bu yaşa kimi həkim kimi çalışıb.
Hadisə barədə məlumat verən S. Əhmədova deyib edib ki, 1981-ci il təvəllüdlü Veyisova Lumu Fazil Qızı iyunun 26-da Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub: “İrinli öd kisəsinin çürüməsi prosesi olan xəstə çox gecikdirildiyindən və həkim öd kisəsinin partlamasından ehtiyat edərək xəstəni təcili əməliyyat edib. Lumu Veyisova xəstəxanaya gətirilən zaman öd kisəsi yolları tamam tutulmuş, qarın boşluğu isə dağılmış vəziyyətdə olub. Əməliyyat zamanı xəstənin öd kisəsi çıxarılıb, damarlar bağlanıb. Öd kisəsinin yatağı təmizlənərkən qanaxma başlayıb. 3 gün xəstəxanada qalan xəstə iyunun 29-da bütün yardımlara və cəhdlərə baxmayaraq, dünyasını dəyişib”.
Qeyd edək ki, xəstənin yaxınları Lumu Veyisovanın ölümündə həkimi günahlandırırlar.
Onlar iddia edirlər ki, həkim yaşlı olduğu üçün əlləri əsdiyindən xəstənin damarlarını kəsib. Qanaxma bu səbəbdən yaranıb.