Çirklənmiş dəniz suyunda pnevmoniya təhlükəsi var – Xəbərdarlıq

1-07-2016, 19:18           
Çirklənmiş dəniz suyunda pnevmoniya təhlükəsi var – Xəbərdarlıq
Son günlər mətbuatda uşaqların dəniz suyu udmasının onlarda ağır xəstəliklərə, hətta pnevmoniyaya səbəb olması barədə məlumatlar yer alıb.
Bu barədə məlumat verən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib ki, qadağan olunmuş çimərliklər istisna olmaqla, yerdə qalan çimərliklərdə uşaqlara dəniz suyundan hər hansı bakteriya yoluxa bilməz: “Biz yay mövsümündə əsasən kəskin mədə-bağırsaq xəstəliklərinin profilaktikası məqsədi ilə çimərliklərdə sanitar-gigyenik vəziyyətlə bağlı təhqiqatlar aparmışıq. Dəniz suyu laborotor müayinələrə cəlb edildi. Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərindən başqa çimərliklərdə bağırsaq çöpləri aşkarlanmadı. Qadağan edilən yerdə çimənlərin mədə-bağırsaq xəstəliklərinə yoluxma riski daha yüksəkdir. Qeyd olunan bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə, sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq müəyyən olunub. Ona görə də, qadağan edilən ərazilərə “Çimmək qadağandır“ lövhələrinin vurulması ilə bağlı Mərkəz aidiyyatı qurumlara məktub da ünvanlandı. Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin, eləcədə Novxanı və Corat bağlarının sahil zolağındakı çimərliklər isə istifadəyə yararlıdır. Bu çimərliklərdə uşağın dəniz suyunu udması hər hansı ishal, eləcə də pnevmoniya xəstəliyinə səbəb ola bilməz. Uşaqları çimərliyə apardıqda ilk növbədə onların günəşin altında daha çox saxlanılmamasına, daha sonra isə çimərlikdə qəbul etdiyi qidaya diqqət göstərmək lazımdır. Mən məsləhət görürəm ki, valideynlər çimərliklərdə uşaqlara qarğıdalı və çimərlik ərazisində satılan sulardan, digər qidalardan alıb verməsinlər. Çünki, həmin sular, qidalar çox vaxt açıq havada günəş şüaları altında saxlanılır. Bu zaman qida ilə qaplaşdırıldığı paket, plastik qabda reaksiya gedir ki, bu da qidanın keyfiyyətinin itməsinə səbəb olur. Yoxsa dəniz suyunda uşaqda pnevmoniya yaradacaq təhlükəli viruslar yoxdur. Təbii ki, söhbət çimmək qadağan olmayan çimərliklərdən gedir”.
Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev isə deyir ki, əgər su bakterial olaraq çirklənibsə, uşaq o bakterianın törədə biləcəyi bütün xəstəliklərə yoluxa bilər: “Təbii ki, söhbət çirklənmiş dəniz suyundan gedir. Bakterial olaraq çirklənmiş su uşağın nəfəs yoluna, udlağa, ağız boşluğuna düşərsə bu zaman müxtəlif xəstəliklər yarana bilər. Bura stomatit, bronxit, pnevmoniya xəstəlikləri daxildir. Ona görə də, uşaqları çimərliyə apararkən mütləq suyun təmiz olmasına diqqət yetirmək lazımdır”.
N. Quliyev deyir ki, çimərlikdə olarkən, uşaqları daim günəş altında saxlamaq onların bədən bioritmini poza bilər. Baş pediatr bakterial çirklənmiş suda bağırsaq çöpünün uşaqlarda qusma və ishalla müşayiət olunan və qastroenterit adlanan xəstəliyə səbəb olmasının da mümkün olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, buna, əsasən çirkli dəniz suyu uşaqların mədə-bağırsağına getdikdə daha çox rast gəlinir. Baş pediatrın sözlərinə görə, uşaqlar çimərliyə valideyn nəzarətində getməlidir: “Uşağın neçə saat dənizdə və qumda qalmasına diqqət edilməlidir. Uşaqları günün qızmar saatlarında dənizdə, qumda saxlamaq olmaz. Bu zaman onların dərisində termik yanıq baş verəcək, ya da günvurmadan qusma, beyin ödemi əmələ gələcək. Dəniz uşaqların sümüklərinin möhkəmlənməsi üçün son dərəcə vacib olsa da, bu rejimə valideyn nəzarət etməlidir”.
N. Quliyev yay mövsümündə uşaqların qidalanmasına da diqqət yetirməyin vacib olduğunu söyləyir.
Movqe.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.