İdxaldan asılı bazara inflyasiya zərbəsi: - Ölkənin istehsal gücü olmayanda başqa bazardan asılı qalır

14-08-2023, 15:35           
İdxaldan asılı bazara inflyasiya zərbəsi: -
Ölkə iqtisadiyyatının birrəngli olması, yəni yalnız neft-qaz gəlirlərinə güvənməsi heç yaxşı gələcək, aqibət vəd etmir. İllərdir bu haqda yazılır, deyilir, amma hökumət nəzərə almaq istəmir. Güclü iqtisadiyyat imitasiyası davam edir. Ölkə iqtisadiyyatı konkret konsepsiyaya güvənmir, təbii sərvətlərin gətirdiyi valyuta ilə ayaqda qalmağa çalışır.
Teref.az Bizimyol.info-ya istinadla xəbər verir ki, Azərbaycanda idxal keçən ilin uyğun dövrü ilə müqayisədə nəzərəçarpan dərəcədə artıb. Yəni ölkənin istehlakçı siması dəyişmir, əskinə, vəziyyət daha da eybəcərləşir. İlk 6 ay ərzində keçən illə müqayisədə 22,5 faiz idxal artımı olub. Xüsusilə məişət soyuducularının (68,6 faiz) və minik avtomobillərinin (38,8 faiz) payı çoxalıb. Amma vacib tələbat istiqamətlərinin yükünün artması da diqqət çəkir. Ölkəyə keçən ilin ilk yarısı ilə müqayisədə 2,6 dəfə çox ət gətirilib. Görün, heyvandarlıqla bağlı vəziyyət necə acınacaqlı olmağa başlayıb. Başqa izah vermək olmur.

Əhalinin sosial durumu geridə qalan zaman kəsiyində qətiyyən yaxşılaşmayıb. Amma ölkəyə xeyli çox ət gətirməyə başlayıblar. Böyük ehtimalla söhbət keyfiyyətsiz məhsuldan gedir. Artan qiymətlər fonunda fürsətdən istifadə edənlər var. Əhali daha ucuz ət yemək üçün keyfiyyətsizliklə üz-üzə qalır. İdxal yükünün artmasına sevinməyə dəyməz. Əksinə, bu artım inflyasiyanın yüksəlməsinə xidmət edir. Rəsmi statistikada da bunu görmək mümkündür. Xüsusilə idxal məhsullarının qiymətləri kəskin artıb. Ölkənin istehsal gücü olmayanda tamamilə başqa bazardan asılı qalır. Bunu əvvəl-axır anlamaq lazımdır.

Ölkəyə illərdir böyük neft pulları gəlir. Hanı dayanıqlı, istehsal potensialına güvənən, hətta xarici bazarlara qeyri-neft məhsulları təklif edən iqtisadiyyat? Yoxdur! Çünki buna düz-əməlli cəhd də göstərilməyib. Neft qiymətləri yüksələn kimi başqa sahələrin inkişafı yaddan çıxır. Bu dəqiqə həmin dönəmdir. Amma iqtisadiyyat təkcə təbii sərvətlərdən gələn pullara söykənə bilməz. Ölkənin gələcəyini mütləq düşünmək lazımdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.