Rusiya rublu ABŞ dollarına nisbətdə son 16 ayın minimumuna düşüb

16-08-2023, 13:54           
Rusiya rublu ABŞ dollarına nisbətdə son 16 ayın minimumuna düşüb
Müəllif, Michael Race
bbc
Rusiya rublu 16 ayın ən aşağı dəyərinə düşərək bir ABŞ dolları qarşısında 100-ü keçib.

Bu azalma Rusiya iqtisadiyyatına təzyiqin böyüməsi, idxalın ixracdan daha sürətlə artması və Ukraynada gedən müharibəyə görə hərbi xərclərin çoxalması fonunda baş verir.

2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumundan sonra o, Qərb dövlətlərinin sanskiyalarına məruz qalıb.

Rusiya Mərkəzi Bankı önəmli faiz artımının mümkün olacağını bildirsə də, ölkənin maliyyə sabitliyinə heç bir təhlükə görmədiyini açıqlayıb.

Rusiya Ukraynanı işğal edəndə bank faiz dərəcələrini 9,5%-dən 20%-ə qaldırdı, lakin qısa müddət sonra onları azaltmağa başladı.

Hazırkı faiz dərəcəsi 8,5% -dir və Rusiya Mərkəzi Bankı mümkün faiz artımını müzakirə etmək üçün çərşənbə axşamı fövqəladə iclas keçirək.

Rublun bu il "tədricən zəiflədiyini" deyən Rabobank Londonun idarəedici direktoru Jane Foley, "iyulun sonundan bu sürətin artdığını" da sözlərinə əlavə edir.

"Zəifləyən rublun Rusiyadakı zəifləmiş fundamental fonu əks etdirdiyini” bildirən Foley qeyd edir ki, hazırda Rusiya büdcəsi kəsirdədir və o, Çin və Türkiyədən idxala arxalansa da, ixrac üzərində təzyiqlə üzləşib.
Müharibə başlayandan sonra rubl kəskin şəkildə düşsə də, o, sərmayəyə nəzarət və neft-qaz ixracı ilə dəstəkləndi.

Müharibədən bəri onun dəyəri dalğalandı, lakin Ukraynanın işğalından sonra dollara nisbətdə ümumi dəyərinin dörddə birini itirdi.

Bazar ertəsi rubl bir ABŞ dolları üçün 101,04 olub. Bir dollar qarşılığında daha çox rubl valyutanın zəifləməsi deməkdir, çünki adətən dünyanın ən güclü valyutası kimi qəbul edilən bir ABŞ dollarını almaq üçün daha çox rubl lazım olacaq.

AJ Bell-in investisiya direktoru Russ Mould bildirib ki, Rusiyanın ticarəti və iqtisadiyyatı “xüsusilə neft və qaza görə” Qərbin sanksiyalarından təsirlənib.

Müharibə başlayandan bəri Rusiya neft və qazına arxalanan bir çox Aİ ölkələri bu ölkədən idxalı dayandırmaq və alternativ təchizatçılar tapmaq öhdəliyi götürdü.

2022-ci ilin dekabrında G7 və Aİ liderləri Rusiyanın neft ixracından əldə etdiyi gəliri bir barel üçün 60 dollardan aşağıya kimi məhdudlaşdıran qiymət həddi planı təqdim etdilər. Bu, Rusiyanın ixrac etdiyi neftin dəyərinin azalmasında müəyyən rol oynadı.
Rusiyanın isə Avropaya gedən qaz kranlarını bağlaması elektrik enerjisinin kəsilməsi təhlükəsi yaratdı. Bir vaxtlar böyük idxalçı olan Almaniya yanvar ayında enerji təchizatında artıq ölkənin qalıq yanacaqlarından asılı olmadığını bildirdi.

Cənab Mould bildirir ki, “Rusiyada ixrac azaldığına görə, güclü valyuta daxilolmaları azalıb, idxal isə artır”.

“Və hətta Çin kimi etibarlı ticarət tərəfdaşları belə, rubl almaqdan çəkinirlər”.

O əlavə edir ki, Rusiyanın minlərlə maliyyə qurumunun istifadə etdiyi beynəlxalq ödəniş sistemi olan Swift-dən kənarlaşdırılması Moskvaya da zərbə vurub.

Lakin cənab Mould həmçinin, deyir ki, Amerika valyutası "bütünlükdə inkişaf etməkdə olan valyutalar qarşısında mövqeyini gücləndirdiyi üçün rublun zəifliyi də dolların gücünə qarşı təyin edilməlidir".

Onun sözlərinə görə, bu, qismən həm də, faiz dərəcələrini azaltmağa başlayan inkişaf etməkdə olan bir çox mərkəzi banklardan (xüsusilə Braziliya və Çili) fərqli olaraq, Federal Ehtiyat Sistemini faiz dərəcələrini artırmağa məcbur edən ABŞ iqtisadiyyatının gücü ilə əlaqədardır.

“Dollardakı nəğd pulun yüksək, digər valyutalarda isə aşağı gəlirləri yaşıl pulları və ya onlarda ifadə olunan aktivləri saxlamağın nisbi cəlbediciliyini artıra bilər”, cənab Mould əlvə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.