Bayramda qiymət artıran sürücülər cəzalandırılacaq

4-07-2016, 21:10           

Ramazan bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal kompleksi gücləndirilmiş iş rejimində çalışacaq.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Şəfa Mehmanqızı bildirib ki, kompleksdə gücləndirilmiş iş rejimi iyulun 4-dən 8-ə kimi tətbiq olunacaq.

“Bayram günlərində sıxlıq yaranarsa, rayonlararası xətlərə buraxılması üçün 200 ehtiyat avtobus ayrılıb. Ümumilikdə, bayram günlərində 15 min sərnişinin yola salınması gözlənilir. Bakı Beynəlxalq Avtovağzal kompleksində bütün təhlükəsiz tədbirləri görülüb”, - deyə Ş.Mehmanqızı qeyd edib.

Qurum rəsmisi əlavə edib ki, bayram günləri baş verə biləcək bilet çatışmazlığı və süni qiymət artımı ilə bağlı nəzarət gücləndirilib:

“Bu cür hallar baş verərsə, sərnişinlər kompleksin 3-cü mərtəbəsində yerləşən ofislərə yaxınlaşa və səlahiyyətli şəxslərə şikayətlərini bildirə bilərlər. Bundan başqa, vətəndaşlar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə də müraciət edə bilərlər, bu şikayətlər araşdırılacaq.

Avtovağzal rəhbərliyi tərəfindən də süni qiymət artımına qarşı nəzarət komissiyası təşkil olunub. Bundan əvvəl də süni qiymət artımına yol verən kassa işçiləri vəzifələrindən azad olunub, həmçinin həmin sürücülərlə müqaviləyə xitam verilib”.

Neqativ halların baş verməməsi üçün Ş.Mehmanqızı sərnişinlərə biletləri bir neçə gün öncə almağı tövsiyə edib. (Apa)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.