Şeyxin qudasından Elmir Əkbərə SƏRT CAVAB: “Ağzına nə gəldi...”
5-07-2016, 00:21
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin qudası, sabiq deputat Hacı Qalib Salahzadə tanınmış psixoterapevt Elmir Əkbərin seksin çox müqəddəs ibadət olması barədə söylədiyi fikirlərə cavab verib.
Q.Salahzadə Publika.az-a açıqlamasında bildirib ki, intim əlaqənin ibadətlə əlaqələndirilməsi yolverilməzdir: “Vallah bunlar nə danışdıqlarını özləri də anlamır. Kim ağlına nə gəldi danışır, biabırçılıqdır”.
Q.Salahzadə deyib ki, bütün bunların əvəzinə, Allaha ibadət etmək daha faydalıdır: “Bəzən nə gəldi danışırlar. Bunun əvəzinə sidq ürəklə Allaha bağlı olmaq lazımdır. Çünki Allahın gücü və qüdrəti danılmazdır”.
Q.Salahzadə qarşıdan gələn Ramazan bayramı münasibətilə Azərbaycan xalqını da təbrik edib: “Ramazan ayı islam dininin mənəviyyatı möhkəmləndirmək, müsəlmanlar arasında dini-mənəvi birlik duyğusunu gücləndirmək, ilahi hikmətlərdən daha da faydalanmaq işinə xidmət edən ən mübarək aylarından biridir. Ramazan ayının sınaqlarından ləyaqətlə çıxmış hər bir müsəlman bu gün böyük qürur və fərəh hissi ilə bayram edir.
Öz milli və dini dəyərlərinə, tarixi ənənələrinə həmişə sadiq qalmış Azərbaycan xalqı da bütün dünya müsəlmanları ilə həmrəylik göstərərək müqəddəs Ramazan bayramını böyük təntənə ilə qeyd edir. Mən Ramazan bayramı münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm”.
Xatırladaq ki, tanınmış psixoterapevt Elmir Əkbər Modern.az-a müsahibəsində intim həyatın, seksin çox müqəddəs ibadət olduğunu bildirib: “Hər bir kəs yuxusunda yaxın qohumu ilə bağlı erotik yuxu görür. Bunlar insanın psixoseksual inkişaf mərhələləridir.
Problem Freyddə deyil. Bizdə seks çox iyrənc bir şey kimi çatdırılır. İntim həyat, seks çox müqəddəs bir ritualdır, ibadətdir. Bəlkə də ən müqəddəs ibadətdir. İnsanın kamilliyə doğru yolunda ən gözəl bir ritualdır. Sadəcə olaraq, primitiv insanlar bunu iyrənc bir formada dərk edirlər. İntim həyat insanın dünyaya təmasında, inteqrasiyasında ən böyük addımdır”.